“Mən də ora “wild card”la yollanmışam” - FOTO

17 İyul 2021 01:24 Tokio-2020 928
“Mən də ora “wild card”la yollanmışam” - FOTO

“Olimpiadaya ən yaxşı idmançılarımız qatılacaq”.

Sportinfo.az xəbər verir ki, bunu stend atıcılığı üzrə 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Zemfira Meftahəddinova deyib.

Milli Olimpiya Komitəsinin rəsmi "feysbuk" səhifəsinə açıqlama verən müstəqillik dönəminin ilk Olimpiya çempionu Tokio-2020-yə qatılacaq idmançılardan da eyni nəticəni gözləyir:

“İdmançılarımız beynəlxalq arenalarda həmişə uğurlu çıxış edir. Ən böyük idman tədbiri olan Olimpiadada da onlara uğurlar arzulayıram. İnanıram ki, onlar Prezidentimizi, xalqımızı hər zamankı kimi, sevindirəcəklər”.

Meftahəddinova Yaponiyadakı yarışa qatılacaq stend atıcımız Emin Cəfərovla bağlı gözləntilərini də açıqlayıb:

“2000-ci ildəki Olimpiadaya mən də “wild card”la yollanmışam. Emin Cəfərov da budəfəki yarışa eyni şəkildə qatılacaq. Ona da uğur arzulayıram. Yay Olimpiya Oyunları çox çətin mübarizədir”.

1976-cı il Monreal Olimpiadasında qadın həndbolçulardan ibarət SSRİ yığmasının heyətində çempion olan Lüdmila Şubina da idmançılarımıza uğurlar arzulayıb:

“Komandamıza çox böyük müvəffəqiyyətlər arzulayıram. Formalarını qorusunlar, medallarla qayıtsınlar”.

Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.

Xəbər Lenti