Bu gün gənc və yeniyetmə stolüstü tennisçilərin Azərbaycan kubokuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, yarışda müxtəlif idman məktəbləri, klub və cəmiyyətlərdən 100-dək stolüstü tennisçi fərdi və qoşa yarışlarda mübarizə aparıb.
Gənclər arasında həm fərdi, həm də qoşa yarışlarda Nəzakət Qarayeva və İbrahim Ansari 1-ci yeri tutublar. Qarışıq qoşa yarışlarda İbrahim Ənsari – Zemfira Mikayılova ən yaxşı nəticə göstəriblər.
Yeniyetmələrin fərdi yarışlarında qızlar arasında Ləman Abdulhəmidova, oğlanlar arasında isə Kənan Pənahov qızıl medal qazanıblar.
Qızların qoşa yarışlarında Ləman Abdulhəmidova – Fidan İranpur fərqləniblər. Emin Məmmədov – Xaliq Becanov isə oğlanlar arasında ən güclü cütlük olub.
Qarışıq qoşa yarışlarda Ləman Abdulhəmidova – Hacımurad Məmmədbəyov fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub. Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov qalibləri təbrik edib.
İdmançılara Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın kubok, medal və mükafatları təqdim olunub.

