Badminton Federasiyası iki həftə öncə Mingəçevirdə tətil zamanı təlim keçmək adı ilə məktəbliləri bir araya toplayıb.
Sportinfo.az xəbər verir ki, beşinci sinif şagirdləri arasında nəzərdə tutulan təlim isə baş tutmayıb.
Belə ki, federasiya nümayəndələri uşaqların şəklini çəkdikdən sonra zəng gəldiyini bildirərək şəhəri tərk ediblər.
“10 nömrəli orta məktəbə getdik. Bizə məşq jiletini verdilər, sonra da dedilər ki, biz Yevlaxa qayıtmalıyıq.
Şəkil çəkdirib getdilər, heç bir təlim baş tutmadı. Özləri ilə gətirdikləri invertarları da apardılar.
Dünən də zəng ediblər ki, sabah məktəbdə yarışdır. Təlim, məşq keçmədən yarış olur? Dedilər, heç nə olmaz, yola verin getsin” - şikayətçi Teleqraf-a bildirib.
Qeyd edək ki, Badminton Federasiyasının prezidenti Taleh Ziyadovdur. O, bu vəzifədə 2021-ci ildən çalışır.
Badminton Federasiyasından məsələ ilə bağlı teleqraf-a bildirilib:
“Biz federasiya olaraq inventarları 12 zona üzrə Təhsil Regional İdarələrinə təhvil vermişik. İnvertarın müvafiq zona üzrə məktəblər arasında paylaşdırılması həmin idarələrin öhdəliyidir.
Həmçinin məktəb daxili və şəhər yarışları da həmçinin onların cavabdehliyindədir. Biz zona yarışlarının final mərhələsinin keçirilməsinə cavabdehlik daşıyırıq.
Bizim tərəfimizdən mütəxəssislər ayrılıb və həmin mütəxəssislər ölkənin regionlarını gəzərək qısa müddətdə badmintonun təməl qaydalarının uşaqlara izah olunması ilə məşğuldur və təlimlərdə də öz invertarları, başqa sözlə federasiya tərəfindən verilən idman ləvazimatlarından istifadə edirlər.
Əlavə olaraq onu deyə bilərəm qısa bir müddətdə Azərbaycanın hər bir rayonu əhatə ediblər”.

