”2-3 nəfərin yoxluğunun “Neftçi”yə heç bir təsiri olmayacaq”

4 Dekabr 2021 11:40 Sumqayıt 804
”2-3 nəfərin yoxluğunun “Neftçi”yə heç bir təsiri olmayacaq”

“Premyer Liqanın 13-cü turunda bizi səfərdə “Neftçi”ylə çox ağır və məsuliyyətli oyun gözləyir”.

Bunu “Sumqayıt”ın və milli komandamızın üzvü Höccət Haqverdi “Neftçi”ylə oyun barədə Sportinfo.az-a açıqlamasında bildirib.

“4 nömrə” komanda yoldaşlarını sevindirən məqam və qarşılarında duran əsas məqsəd haqda danışıb:

“Rəqibimizin gücü hər kəsə bəllidir, ötən mövsümün çempion kollektividir. Kifayət qədər yaxşı heyətə sahibdirlər.

Bu kimi faktlara hörmətlə yanaşsaq da, istədiyimiz nəticəni qazanıb avarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

“Neftçi” hər nə qədər güclü rəqib olsa da, “Sumqayıt”la oyunlarda uğursuz sindroma sahibdir. Amma bir iş də var ki, “kimyaçılar” cari mövsümdə əvvəlkitək təhlükəli görünmür.

Höccət inamlıdır: “Bu vəziyyətdən çıxacağımıza inanırıq. Sevindirici hal var ki, Vüqar Mustafayevlə Vurğun Hüseynov cəza müddətini başa vuraraq komandaya qayıdıb.

Ötən həftədən fərqli, bu həftəsonu oynaya biləcəklər. Onların olması gücümüzə əlavə güc qatacaq. Amma yenə də itkilərimiz kifayət qədərdir”.

“Ağ-qaralar” bu dəfəki qarşılaşmada bir neçə aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Mamadu Mbocla Aqil Məmmədov zədəlidirsə, Mert Çelik cəzalı duruma düşüb. Tyaqo Bezerra isə zədədən sonra ideal formasından uzaqdır.

Rəqibin heyətindəki itkilər “Sumqayıt”ın işini asanlaşdıracaqmı?:

“Rəqibin heyətindəki itkilərlə bağlı nəsə deyə bilmərəm. Çünki bizi əsasən öz oyunumuz maraqlandırır.

Buna baxmayaraq, “Neftçi”nin geniş heyətə malik olduğunu deməliyəm. Fikrimcə, 2-3 nəfərin matçda iştirak etməməsinin onların oyununa heç bir təsiri olmayacaq”.

12 turdan sonra “Neftçi” 20 xalla 4-cü pillədə qərarlaşıbsa, aktivində 11 xal olan “Sumqayıt” 6-cı yerdədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu