“Qarabağ” o zaman da güclü heyətə malik idi.
Bildiyiniz kimi, həmin il dünyada COVID-19 pandemiyası yayılmışdı”.
Sportinfo.az xəbər verir ki, bunu türkiyəli tanınmış mütəxəssis, vaxtilə “Beşiktaş”da baş məşqçi işləmiş Rza Çalımbayın AZƏRTAC-a müsahibəsində deyib.
- Uzun illərdir “Qarabağ” komandası Azərbaycanı Avropada uğurla təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlı olardı...
- “Qarabağ”ın Avropada əldə etdiyi nəticələr hər birimizi qürurlandırır. Qurban Qurbanovun komandası ildən-ilə inkişaf edir. Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı matçlarını izləyirəm. Heyətində çox yaxşı oyunçular var. Sevindirici haldır ki, legionerlərlə yanaşı, yerlilər də özlərini yaxşı tərəfdən göstərirlər.
- “Sivasspor”un baş məşqçisi olduğunuz dönəmdə, daha dəqiq desək, 2020-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmusunuz. Həmin matçları necə xatırlayırsınız?
- “Qarabağ” o zaman da güclü heyətə malik idi. Bildiyiniz kimi, həmin il dünyada COVID-19 pandemiyası yayılmışdı. Bu, futbola da mənfi təsir etmişdi. Buna baxmayaraq, həmin görüşləri yaddaşımda xoş xatirə kimi saxlayıram.
- “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu İtaliyada “Napoli”yə qarşı keçirəcək. Şansları necə qiymətləndirirsiniz?
- “Napoli” dünya futbolunda adından söz etdirən komandadır. İtaliyada önəmli nüfuza sahibdir. “Qarabağ” “Çelsi” ilə oyunda sərgilədiyi performansı Neapoldakı matçda da göstərsə, rəqibindən xal ala bilər. Çətin olacaq, lakin futbolda mümkünsüz heç nə yoxdur. “Qarabağ” bunu dəfələrlə sübut edib. Bu komandanı Azərbaycanda çox sevirlər. Elə biz də sevirik.
- Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?
- Xeyr, heç bir təklif olmayıb. Mənə görə, Azərbaycan və Türkiyə futbol baxımından da bir-birindən faydalanmalıdır. Məsələn, bizdən Azərbaycana, sizdən isə Türkiyəyə məşqçi və futbolçular getməlidir. Bu hal hər iki ölkənin futboluna müsbət təsir edəcək. Azərbaycan da bizim vətənimizdir. Amma görürəm ki, bəzi hallarda yığmaya əcnəbi mütəxəssislər cəlb olunur.
- Azərbaycan futbolunun hazırkı potensialı barədə nə düşünürsünüz?
- Sizdə hər zaman yaxşı futbolçular olub. İndi yerli çempionatda yaxşı komandalar və yerli məşqçilər var. Biz o vaxt “Sivasspor” klubunda müəyyən plan cızdıq və bunun nəticəsində Avropa Liqasına vəsiqə qazandıq. Bunu Azərbaycan komandaları da edə bilərlər. Çünki potensial var.

