Noyabrın 16-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununa çıxacaq.
Rəqib dünyanın aparıcı komandalarından olan Fransa seçməsidir.
İslandiya seçməsi cari seçmə mərhələdə fransızlara başağrısı yaratmağı bacarıb. Reykyavikdə Kilan Mbappenin millisi ilə 2:2 oynayan adalılar Parisdəki gərgin qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılmışdı.
İslandiya millisinin hücumçusu Andri Qudyonsen Sportinfo.az-a açıqlamasında Fransa ilə oyunla bağlı təcrübəsini bölüşüb, yığmamızın sürprizə imza atması üçün yol göstərib:
“Futbolda heç nəyi öncədən proqnozlaşdırmaq mümkün deyil. Mümkün olsaydı, proznoz həvəskarlarının hamısı zəngin olardı.
Məsələn, biz fransızlarla Reykyavikdə 2:2 oynamışdıq. Parisdəki qarşılaşmanın son saniyələrində VAR qolumuzu ləğv etməsəydi, yenə 2:2 olacaqdı. Lakin 1:2 uduzduq.
Deməyim odur ki, öz gücünə inananda mümkünsüzü mümkün etmək olur. Azərbaycan millisi Fransaya qarşı bizimlə oynadığı kimi oynasa, qol imkanları yaratsa və müdafiədə diqqəti artırsa, sürpriz edə bilər”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
HƏBİB

