Mahir yeni klubunda bu cür qarşılandı – Axtarılan “10 nömrə”, ölümcül “üçlük”!

25 İyun 21:20 Sizdən Bizə 654
Mahir yeni klubunda bu cür qarşılandı – Axtarılan “10 nömrə”, ölümcül “üçlük”!

Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək.

Azərbaycan millisinin hücumçusu “Kayzerslautern”lə 3 illik sözləşməyə imza atıb.

Dörd qat Almaniya çempionu məlum transferlə bağlı açıqlama verərək Mahiri rəsmi geyimdə ictimaiyyətə təqdim edib.

Məlum paylaşım “Kayzerslautern”in azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılanıb. Həmyerlimizin şəninə təriflər yağıdırılıb, ondan gözləntilərin böyük olduğu bildirilib.

Maraqlı şərhlərin bir qismini təqdim edirik:

“Nürnberq”in heyətində qapımıza vurduğun qolu indi “Kayzerslautern” formasında rəqiblərin qapılarına gözləyirik”.

“Azarkeşlərin dəstəyinə əmin ola bilərsiz. Yetər ki, uğurlu oyun və qollarla bizi sevindirin”.

“İçindəki qığılcımı alovlandırıb stadionu coşdurmaq lazımdır. Haydi, irəli!”.

“10 nömrə”nin məsuliyyəti ağırdır. Öhdəsindən gələcəyinə inanırıq.

(Türkiyəli azarkeş yazır) “Dünyanın ən böyük klubuna xoş gəldin, qardaş. Dualarım qəbul oldu. Nəhayət, imzaladın”.

“Bax, belə də olmalıydı. Xoş gəldin! Sənə ümidlər böyükdür, Emreli”.

“Nə gözəl mənzərədir. “Kayzer” yeni futbolçularını “Real Madrid” kimi kostyumda təqdim edir. Emreli, Hanslik və Prtajin – rəqiblər üçün ölümcük “üçlük”.

“Nəhayət ki, axtardığımız “10 nömrə” tapıldı”.

“Siz təkcə Mahir Emreli ilə güclənmədiz. Həm də sosial şəbəkə hesablarınızda çox sayda azərbaycanlı izləyici qazandız”.

“Statistikası yaxşıdır, qolların sayı çoxdur. Ötən mövsüm “Nürnberq”in vacib simalarından idi. İndi isə “qırmızılar”ı irəli aparmağın vaxtıdır. Uğurlar, Mahir!”

2014-cü ildən bu yana “Bakı”, “Qarabağ”, “Legiya” (Polşa), “Dinamo Zaqreb” (Xorvatiya), “Konyaspor” (Türkiyə), “Nürnberq” (Almaniya) kimi komandaların şərəfini qorumuş 27 yaşlı futbolçu karyerası ərzində klub və milli turnirlərində meydana çıxdığı 403 rəsmi oyunda 114 qol vurub, 35 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!