Robert Prosineçki Azərbaycan millisi və Mahirdən nə danışdı?

24 İyun 2023 01:50 Sizdən Bizə 920
Robert Prosineçki Azərbaycan millisi və Mahirdən nə danışdı?

Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda Xorvatiyada "Rudeş"ə rəhbərlik edən Robert Prosineçki sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis "Rudeş"ə təyinatından və yığma komandamızın hazırkı durumundan danışıb.

- Yeni təyinatınızla bağlı təbrik edirəm. Bir neçə gün əvvəl "Rudeş"in baş məşqçi təyin edildiniz...

- Bəli, elədir. Təbrikə görə çox sağolun.

- "Rudeş”də məqsəd nədən ibarətdir?

- Təbii ki, hər zaman ən yaxşısını etməyə çalışırsan. Mövsümün startına hələ var. Hazırlığa başlamışıq. Çalışacağıq ki, işimiz yaxşı getsin.

- Azərbaycan futbolu ilə maraqlanırsınız?

- Düzü, indi bütün fikrimi yeni işimə yönəltmişəm. Amma baş verənlərdən xəbərdar oluram. Təbii ki, nəticələrdən xəbərim olur.

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin üçüncü turunda beş gün əvvəl Estoniya ilə qarşılaşdı və matç 1:1 hesabı ilə başa çatdı. Nəticə sizin üçün gözlənilməz deyildi?

- Düzünü deyim ki, oyuna baxmamışam. Ona görə də, nəsə deməyim doğru olmazdı. Baxsaydım, ətraflı nəsə deyə bilərdim. Amma nəticədən xəbərim oldu.

- Yəqin ki, bu nəticə sizin üçün də sevindirici deyil?

- Düşünürəm ki, daha da yaxşısını edə bilərdilər. Əlbəttə ki, Azərbaycan millisinin qalib gəlməsini arzulayardım.

- Tez-tez sizin millimizdə baş məşqçisi olduğunuz zaman yada düşür və həmin vaxtı komandamızın daha yaxşı oynadığı iddia edilir....

- Bu cür fikirlərə görə hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycan millisinin növbəti oyununda qələbə qazana biləcək. Milliyə ən yaxşı nəticələri arzu edirəm.

- Hər halda, Azərbaycan millisi sizin rəhbərliyiniz altında Almaniya, Çexiya, İrlandiya kimi rəqiblərlə görüşlərdə qalib gəlməsə də, daha yaxşı, daha cəsarətli oynaya bilirdi. Amma indi Estoniya millisini də məğlub edə bilmirik....

- Təbii ki, mən Azərbaycan millisinə ən yaxşı nəticələri arzu edirəm. Ümidvaram ki, milli uğurlu nəticələr əldə edəcək.

- Yeri gəlmişkən, “Rudeş”in rəqiblərindən biri olan “Dinamo”nun (Zaqreb) forvardlarından biri Azərbaycan millisinin üzvü Mahir Emrelidir. Komandada qalası olsa, sizin rəhbərlik etdiyiniz komandaya qarşı oynaya bilər. Emreli haqda nə düşünürsüz?

- Əlbəttə, onun “Dinamo”da oynadığını bilirəm. Məncə, Emreli çox yaxşı futbolçudur. Ona da karyerasında uğurlar arzulayıram.

Digər Xəbərlər
Xəbər Lenti