Birdən-birə nə dəyişdi, bu adam nə etdi? - MÜSAHİB

26 Dekabr 2022 23:40 Sizdən Bizə 926
Birdən-birə nə dəyişdi, bu adam nə etdi? - MÜSAHİB

“Sabah”ın bu cür başlanğıcı futbol ictimaiyyəti üçün sürpriz oldu.

Çempionatın ilk yarısında “Qarabağ”a yalnız bir dəfə məğlub olan (3:4), “Neftçi”ylə hər iki qarşılaşmada qələbə qazanan “tələbələr” qış fasiləsinə ikinci pillədə yollandı.

Lakin fasiləyə yaxın vəziyyət heç də ürəkaçan deyildi. Murad Musayevin rəhbərlik etdiyi kollektiv 2-si çempionatda, 2-si kubokda olmaqla 4 oyunda qələbəyə həsrət qaldı, üstəlik, kubok mübarizəsini erkən başa vurdu.

Komandanın inamlı çıxışında digər futbolçular kimi, əsas heyət üzvü, həm də komandasının kapitanı olan Elvin Camalovun danılmaz rolu var.

Elə “Sabah”la bağlı suallara cavabı da səbəbkarla söhbətdə tapmağa çalışdıq.

- 2022-ci ili özün və komandan üçün necə dəyərləndirirsən?

- Fikrimcə, il komandamız ve mənim üçün yaxşı keçdi. Komanda olaraq bu il həm sərgilədiyimiz oyun, həm də qazandıgımız nəticələrlə müsbət yöndə diqqət çəkdiyimizi duşünürəm. Cempionatda ili 2-ci pillədə başa vurduq. Məncə, bu, “Sabah” üçün yaxşı nəticədir. O ki qaldi özümə, bu il komandamın əksər oyunlarında əsas heyətdə yer aldım, milliyə yenidən çağırıldım. Düşünürəm ki, mənim üçün də uğurlu il oldu.

- 2022-ci ildə baş tutmayan hansı arzunun 2023-də həyata keçməsini arzulayırsan?

- Bu il komanda olaraq yaxşı nəticələr qazansaq da, ötən mövsümün yekununda avrokuboklara vəsiqə qazana bilmədik. Ümid edirəm ki, bu mövsüm çempionatda qazandığımız müsbət nəticələrin bəhrəsini mövsümün sonunda görəcək və komanda olaraq məqsədimizə çatacağıq. Bununla yanaşı, milli komanda ilə də bu il qazandığımız uğurlu nəticələri gələn il seçmə mərhələdə də davam etdirməyi arzulayıram.

- Murad Musayevin gəlişi ilə komandadakı yüksəliş göz önündədir. Birdən-birə nə dəyişdi, bu adam nə etdi?

- Murad Musayev həm istedadlı məşqçi, həm də yaxşı insandır. Fikrimcə, bütün komanda onunla çalışmaqdan məmnundur. Komanda onun rəhbərliyi altında öz gücünə inanır və qarşıya qoyulan məqsədə çatmaq üçün verilən tapşırıqları var qüvvəsi ilə yerinə yetirməyə çalışır.

- Uğurlu qrafiklə yadda qalırdınız. "Turan Tovuz"la oyundan başlayaraq sanki bir anda nəsə baş verdi. Nə olmuşdu komandaya?

- Bütün oyunlardan qələbə ilə ayrılmaq çox cətindir. “Turan Tovuz”la matçdan sonra keçirdiyimiz 4 oyunda qalib gələ bilməməyimizə səbəb kimi bir neçə amili göstərmək olar. Məsələn, bu oyunlardan ikisində görüşün əvvəlində azlıqda qaldıq ki, bu da komandanın oyununa çox ciddi təsir etdi. Bundan əlavə rəqiblərin sərgilədiyi futbolu da xüsusi vurğulamaq lazımdır. Rəqiblər qapalı oyun sərgiləyirdilər deyə, işimiz bir az da çətinləşirdi. Bununla yanaşı, rəqiblərin bizimlə oyunlara çox yaxşi köklənməsi, istəkli olması da son nəticələrdə rol oynadı. Bu, futboldur. Bütün mövsümü eyni tempdə keçirmək çox çətindir. Mövsüm ərzində hər bir komanda bu cür halla üzləşə bilər.

- “Sumqayıt”la qarşılaşmadakı 6:0-ı komanda üçün dönüş nöqtəsi hesab etmək olar?

- Çempionatda ardıcıl 2 heç-heçə və kubokda mübarizəni dayandırdıqdan sonra çətin səfər oyununda qazanılan böyük hesablı qələbə komandaya yaxşı motivasiya oldu. Bu matçın ilin son oyunu olduğunu da nəzərə alsaq, komandanın istirahətə müsbt əhval-ruhiyyədə yollanması üçün bu qələbə yerinə düşdü.

- Gümüş medal, yoxsa bürünc? Bəlkə 4-cü yer?

- Biz hazırda mövsümü neçənci pillədə bitirəcəyimiz haqda duşünmürük. Yalnız növbəti oyunumuza köklənirik. Hər matçımızda qələbə bardə duşünür və bunun üçün əlimizdən gələni edirik. Mövsümün sonunda neçənci olacağımızı birlikdə görəcəyik.

- İstirahət dövründə hara səyahət edəcəksən? Planların nədən ibarətdir?

- Dogma rayonuma - Qaxa gedib orada istirahət etməyi düşünürəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti