
Bu axşam Bakıda “Qarabağ”ın qonağı olacaq “Frayburq” Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.
Bununla belə, almanlar Bakıda növbəti qələbəni bayram etməyin planlarını cızır.
Ölkə və klub reytinqini yaxşılaşdırmaq, büdcəni qələbə mükafatı ilə zənginləşdirmək üçün “ağ-qaralar”a 3 xal hava-su kimi lazımdır.
Sevimli komandaları qrupdakı vəzifənin öhdəsindən gəlməsinə baxmayaraq, alman azarkeşlər “Frayburq”dan yalnız və yalnız qələbə gözləyir.
Klubun “feysbuk” hesabında “Qarabağ”la oyunun anonsu yerləşdirilib ki, izləyicilər istəklərini dilə gətirib:
“Əsas odur ki, hamını sevindirən nəticə olsun və futbolçular vətənə sağlam qayıtsın”.
“Ev”ə qələbə ilə qayıdın, xahiş edirəm”.
“Asan oyundur, amma konsentrasiyanı itirmək olmaz. 3:1 qalib gələcəyik”.
“Əzəmətli 4:0 yerinə düşər”.
“0:0, ya da 2:1 qurtaracaq oyun”.
“Daha bir səfər qələbəsi gözləyirik”.
“Görək oyuna necə yanaşacaqlar. Qrupu məğlubiyyətsiz başa vurmaq yerinə düşər”.
“Frayburq”, sən uduzsan belə, yanındayıq”.
“1:1 bəsimizdir. Məğlubiyyət olmasın”.
“Qələbə möhtəşəm olar. Amma heç-heçəyə də narazılıq etmərəm. Əsas odur qrupu yenilgisiz tamamlayaq”.
Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Frayburq” oyunu bu axşam saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ