Bakı klubu hər şeyə rayonda nöqtə qoydu

14 Aprel 19:00 Sabah 1 397
Bakı klubu hər şeyə rayonda nöqtə qoydu

"Sabah" 4-cü pillə şanslarını Tovuzda birdəfəlik dəfn etdi.

Öz əlləri ilə.

Həftələrdi "Turan Tovuz" qızıl dəyərində xallar itirir, heç cür "qara zolaq"dan çıxa bilmirdi.

Əvəzində "tələbələr" əsas rəqibini asanlıqla arxada qoymaq əvəzinə, eyni yolu gedərək - davamlı xallar itirməklə sanki "Turan"ın əlinə oynayırdı.

Şanslar isə hələ də qalırdı. Tərəflərin mövsümdə sonuncu dueli sona 6 tur qalmışa təsadüf edirdi. Qələbə təqdirində 5-ə enəcək xal fərqini növbəti turlar aradan qaldırmaq mümkün kimi görünürdü.

Anatoli Nuriyevin erkən qolu, ardınca bir neçə real qol imkanları və Kurban Berdıyev qırmızı vərəqə alması da xoş gələcəkdən xəbər verirdi.

Bir sözlə, "oyunun ipi" qonaqların əlində kimi görünürdü. Fasiləyə saniyələr qalmış Favol Şafrankonun aldığı qırmızı vərəqə hər şeyin sonu oldu.

Düzdü, belə epizoda qırmızı vərəqə vermək nə dərəcədə ədalətli idi demək çətindir. Topa zərbə vuran futbolçu bir də ayağının altının hara düşəcəyini necə fikirləşə bilər axı?

İkinci yarının əvvəlində 2 dəqiqəyə buraxılan 2 qolun isə Safrankonun yoxluğu ilə əlaqəsi yox idi.

"Sabah" azlıqda belə oyuna nəzarət edən tərəf kimi görünürdü. Sadəcə Pokatilovun başçılıq etdiyi müdafiə xətti silsilə kobud xətaları ilə hər iki qolu rəqibə hədiyyə etdi.

Qış fasiləsinə kimi az qala "tələblər"in bütün uğursuzluqlarını 21 yaşlı gənc Yusif İmanovun adına çıxaranlara isə qazaxıstanlı qapıçının ikinci qoldakı davranışlarına təkrar-təkrar baxmağı tövsiyə edirəm.

Qısası, "Sabah"ın "Turan"la siçan-pişik oyunu Tovuzda da başa çatdı. Bu nəticə ilə Premyer Liqada mövsümün "Sabah" üçün bitdiyini deyə bilərik.

Görək, rusiyalı mütəxəssis özü üçün prioritet seçdiyi ölkə kubokunda nə ilə yadda qalacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti