Azərbaycan klubu üçün fiaskonun bir addımlığında SON ŞANS

13 Avqust 2024 19:00 Sabah 1 911
Azərbaycan klubu üçün fiaskonun bir addımlığında SON ŞANS

Krunoslav Renduliç ötən mövsüm "Sabah"da uğurlu ola bildi.

Martda komandanın başına keçən xorvatiyalı mütəxəssis ardıcıl qələbələrlə yadda qaldı.

Onun kollektivi hətta "Qarabağ"ı məğlub etməyi bacardı.

Düzdü, əcnəbi mütəxəssis gələnə kimi "tələbələr"i ikinci pillədən cəmi 3 xal ayırırdı.

Lakin 5-6 komanda arasında avrokuboklara getmək yolunda amansız mübarizə gedirdi. 1 xalın belə önəmi vardı.

Və belə gərgin mübarizədə Renduliçli "Sabah" son ana kimi duruş gətirə bildi.

Son turda isə "Neftçi" üzərində qazanılan parlaq qələbə ilə komanda nəinki avrokubokları getməyi, hətta bürünc medal qazanmağı bacardı.

Mövsümü ikinci sırada bitirən "Zirə"dən isə yalnız şəxsi görüşlərdəki nəticəyə görə geri qaldı.

Təbii ki, Murad Musayevlə mövsümə uğursuz start götürən "Sabah"ın yekundakı nəticəsində Renduliçin böyük payı var.

Amma bu dünəndə qaldı.

Bəs bu gün?

Masazır təmsilçisi bu günləri heç də asan keçirmir.

"Makkabi" ilə Macarıstanda başlayan avrokubok yolu parlaq gələcəkdən xəbər verirdi. Lakin işlər proqnozlaşdırılan kimi getmir.

Adlı-sanlı rəqibi səfərdə darmadağın edən (0:3) komandamız ev oyununda hər kəsi pərişan etdi.

Düzdü, mərhələ keçildi, amma böyük çətinlik bahasına.

"Sabah"ın evdəki zəif çıxışını "Makkabi"nin gücünə keçmək olardı.

Amma İrlandiyadakı performans və yeni mövsümə iki oyunda 1 xalla start vermək üzücüdür. Buna nə izah tapasan?

Xüsusilə də avrokuboklardakı məğlubiyyət gözlənilməz oldu.

Axı "Sabah" "Sent Patriks Atletik"dən nə büdcəsinə görə geri qalır, nə də heyətinə görə.

Heç avrokuboklar təcrübəsinə görə də geri qaldığını deməyə adamın dili gəlmir.

Bəli, "Sabah" ötən ildən Avropa səhnəsinə ayaq basıb. Amma qısa müddətdə "Partizan", "Makkabi" kimi adlı-sanlı komandalara çətin anlar yaşadıb. Hər iki rəqiblə də duellərdə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Bu, özü böyük təcrübədir.

İrlandiyadakı oyunda alınan qırmızı vərəqə də bəhanə olmamalıdır.

Nəzərə alaq ki, ona kimi də meydan sahibləri üstün tərəf idi.

Hesabda önə çıxa bilmişdilər.

Bəxtimiz onda gətirdi ki, azlıqda qalandan sonra rəqib çox sayda qol şansını sağa-sola xərclədi.

Bu, həm də "Sabah" üçün verilən son şansdır.

Elə Renduliç üçün də.

Ki, evdəki qarşılmada 0:1 gerilik aradan qaldırılsın.

45 gün ölkə xaricində toplanış keçən, 6 yeni legionerlə güclənən komanda buna borcludur.

Hər halda, 50 yaşlı çalışdırıcı buraya 1 mərhələ adlamaq üçün gətirilməyib.

Əks halda bu mərhələdə belə bir rəqibə uduzmaq fiasko sayılacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA