"Mən həqiqətən "Sabah"a getmək istəyirdim, ordakılardan yaxşı idim, alınmadı"

26 Yanvar 00:50 Sabah 731
"Mən həqiqətən "Sabah"a getmək istəyirdim, ordakılardan yaxşı idim, alınmadı"

“Sabah”ın sabiq legioneri Aleksandr Neçayev yeni klubu “Qomel”in (Belarus) rəsmi saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, "Sabah"dan, Misli Premyer Liqasından və digər mövzulardan danışıb.

29 yaşlı qapıçı “Sabah”a gəlişinə də toxunub:

"Sabah"a keçidim gözlənilmədən baş verdi. Tanıdığım bir menecer zəng vurdu, konkret təkliflə çıxış etdi.

İlk dəfə belə durumla qarşılaşırdım. Çünki müqavilə hazır idi.

Mən sadəcə əvvəlki müqaviləmi ləğv etməli oldum. Təlim-məşq toplanışına qatıldım, sözləşmə imzaladım.

Üstəlik "Sabah"a Murad Musayev rəhbərlik edirdi. O, Rusiya Premyer Liqasında kifayət qədər güclü təsir bağışlayan, avrokuboklarda mübarizə aparan

“Krasnodar”a da baş məşqçilik etmişdi. Mən həqiqətən də "Sabah"a getmək istəyirdim”.

Futbolçu Azərbaycanda qarşılaşdığı çətinliklərdən də söz açıb. O, burada legioner limiti olduğu üçün əsas heyətə düşə bilmədiyini qeyd edib:

"Azərbaycanda əcnəbilər futbolçular və gənc oyunçular üçün limit var idi. Ona görə də mövsümün əvvəlində baş məşqçi Murad Musayev ilə əlaqə saxladıq.

O izah etdi ki, klubun hədəfləri var və gənc futbolçu limitində qapıçı olmalıdır. Bəli, ilin ilk hissəsi belə başa çatdı.

Daha sonra isə nəyin alınmadığını bilmirəm. Mən əlimdən gələni etdim.

Onu bilirəm ki, oradakılardan daha yaxşı görünürdüm. Amma alınmadı. Yəqin ki, belə olmalı idi.

Buna baxmayaraq, “Sabah”a keçdiyim üçün hələ də şadam. Komandada oynaya bilməsəm də, böyük təcrübə və yaxşı dostlar qazandım. Onlarla indi də əlaqə saxlayıram".

Aleksandr Neçayev 2022-ci ilin yanvarından dekabrına qədər “Sabah”ın formasını geyinib. O, futbolunun müsbət tərəflərindən danışıb:

“Azərbaycana kifayət qədər legioner axını var. Yəni, orada fərqli maliyyələşmə var.

Azərbaycana keyfiyyətli əcnəbi oyunçular gedirlər. "Sabah"ın heyətində vaxtilə “Barselona”da oynamış bir oyunçu da yer alırdı (Xuan Kamara - red.).

Belə futbolçularla birlikdə məşq edəndə belə inkişaf edirsən. Bu cür komandalarda gənclər daha sürətlə inkişaf edirlər.

Azərbaycanda komanda sayı azdır, amma onların hər birinin öz stadionu, bazası, məşq meydanı, büdcəsi var. Buna görə də Azərbaycanda oynamaq Belarusdakından daha maraqlıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!