Əcnəbi baş məşqçi Azərbaycan klubu ilə yeni müqavilə barədə sualdan necə yayındı?

19 Yanvar 20:00 Sabah 830
Əcnəbi baş məşqçi Azərbaycan klubu ilə yeni müqavilə barədə sualdan necə yayındı?

Ötən mövsüm sərgilədiyi oyun və qazandığı nəticələrlə gümüş medalları bayram edən, yayda ölkəmizi avrokuboklarda təmsil edən “Sabah” cari futbol ilində özünə bənzəmir.

“Tələbələr” çempionatın ilk yarısında 6 qələbə, 4 heç-heçə və 8 məğlubiyyətdən sonra topladığı 22 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Əksəriyyət baş məşqçi Murad Musayevin “bir atımlıq barıt”ından söz açsa da, rəhbərlik vaxtilə Rusiya Premyer Liqasında “Krasnodar”la adından söz etdirmiş 40 yaşlı mütəxəssisi əldən buraxmaq istəmir.

Musayevin “Sabah”la müqaviləsinin müddəti bu ilin iyununa qədərdir. Artıq xeyli vaxtdır onunla Rusiya klublarının maraqlandığı deyilir. Odur ki, son söz baş məşqçinindir. Qısa müddətdə seçim etməli, gələcəklə bağlı planını ortaya qoymalıdır.

Murad Oleqoviç Sportinfo.az –a “tələbələr”lə yeni müqavilə bağlayıb-bağlamayacağı ilə bağlı danışıb:

“ Bu suala bir neçə gün əvvəl cavab vermişdim, yenə təkrarlayıram. Bu dəqiqə əsas məqsədimiz “Sabah”ın uğurlu nəticələr qazanmasına köklənməkdir.

Mənim üçün hazırkı məqamda vacib olan budur. Ona görə də hələ dediyiniz məsələ barədə konkret heç nə deyə bilməyəcəyəm”.

Maraq üçün bildirək ki, klub başbilənləri Murad Musayevə 2,5 illik yeni sözləşmə təklif edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti