“Transferlər olmayacaq, onu əvəz edəcək futbolçularımız var”

17 Yanvar 20:00 Sabah 1 319
“Transferlər olmayacaq, onu əvəz edəcək futbolçularımız var”

“Neftçi”nin “Valdhof Mannheym”lə yoldaşlıq görüşünü izləyənlərin arasında Murad Musayev də vardı.

Bakılıların yanvarın 21-də “Sabah”la qarşılaşacağını nəzərə alsaq, rusiyalı mütəxəssisi “Gloria Sports Arena”da görəndə təəccüblənmədik.

Musayev oyunu sona qədər izləmədi. Rəqib 3-cü qolu vurandan sonra stadionu tərk edib, komandasının məşqinə tələsdi.

Buna qədər isə matçın fasiləsində Sportinfo.az-ın suallarını cavablandırmışdı.

- İlk 45 dəqiqədən sonra baş məşqçisini dəyişmiş “Neftçi” sizi nə iləsə təəccübləndirə bildi?

- “Neftçi”nin baş məşqçisi var – Miodraq Bojoviç. Komandanın çıxışına ən düzgün qiyməti o verə bilər. Mənim nəsə deməyim doğru deyil.

- Bojoviç həmkarlarımızla söhbətdə sizin barədə danışarkən xoş fikirlər səsləndirmişdi. Maraqlıdır, siz onu Rusiyadan necə xatırlayırsınız? Şəxsi münasibətiniz var?

- Rusiya futbolunda zəngin təcrübəyə malik məşqçidir. Rusiyada il etibarilə ən çox çalışmış əcnəbi mütəxəssisdir. “Rostov”la ölkə kubokunun qalibi olub, Serbiyada “Srvena Zvezda”nı çempion edib. Yadıma gəlir ki, 4-lü müdafiə xətti ilə hücum futbolu sərgiləyirdi. Futbolçular üçün onunla işləməyin rahat olduğunu eşitmişəm. Yalnız xoş fikirlər səsləndirə bilərəm.

- Baş məşqçi qismində bir-birinizə qarşı hansısa oyunu və ya oyunları xatırlayırsınız?

- Premyer Liqada baş məşqçi kimi ikinci oyunum Bojoviçin komandasına qarşı olub. Həmin vaxt Tula “Arsenal”ını çalışdırırdı. Həmin oyunu yaxşı xatırlayıram. Çünki baxımlı qollarla vacib qələbə qazanmışdıq. Premyer Liqada baş məşqçi kimi debütümdən sonra bu oyundakı qalibiyyət mənə çox vacib idi.

- Komandanızın Antalya toplanışı necə keçir? İlk matçda güclü “Rapid”i (Buxarest) məğlub etməyi bacardınız (müsahibə yanvarın 13-də baş tutub – H.).

- Nəsə demək üçün toplanışı başa vurmaq lazımdır. Hələ qarşıda bizi daha bir oyun gözləyir. İstənilən halda ən doğru cavabı çempionatın gedişatı göstərəcək. Mənim fikrimi bilmək istəyirsinizsə, görülən işlərdən razıyam. Görək mövsümün qalan hissəsində necə olacaq.

- Yeni transfer(lər)?

- Hələ ki, yenilik yoxdur.

- Tapa bilmirsiniz, yoxsa danışdıqlarınızı Azərbaycana gəlməyə razı sala bilmirsiniz?

- Onsuz da mövsümboyu axtarışdayıq. Hətta çempionatın ən qaynar vaxtlarında belə dayanmırıq. Lakin indiki məqamda bu məsələdən uzağıq. Çox güman qış fasiləsində transferlər olmayacaq.

- Aleksey İsayevin gedişindən sonra yaranmış boşluğu necə dolduracaqsınız? Ümumiyyətlə, onun gedişinə münasibətiniz necədir?

- İsayev bizim üçün vacib futbolçu idi. Mən burada olduğum dönəmdə komandada ən vacib futbolçulardan, kapitanlardan biri idi. Əlbəttə, bizim üçün itki sayılmalıdır. Ona da inanıram ki, “Sabah”da onu əvəz edəcək futbolçular var.

HƏBİB, Antalya

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!