“Təlim-məşq toplanışı çox yaxşı keçir, mövsümün ikinci yarısına hazırlaşmaq üçün çalışırıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın hücumçusu İshak Belfodil Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı barədə danışarkən deyib.
Mövsümün birinci hissəsini dəyərləndirən 32 yaşlı forvard daha çox şey bacara biləcəklərini bildirib:
"Ötən il mənim üçün uğurlu keçdi. Ümid edirəm ki, mövsümün ikinci yarısında ən yaxşı "Sabah"ı görəcəyik.
Komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm".
Əlcəzairli futbolçu komandaya uyğunlaşdığını söyləyib:
"Böyük klublarda oynasam da, yeni liqaya getdiyim zaman adaptasiya olmaq vaxt alır. İndi komanda yoldaşlarımı daha yaxşı tanıyıram".
Karyerası ərzində "Lion", "Bolonya", "Parma", "İnter", "Verder", "Hoffenhaym", "Herta" (Berlin) kimi tanınmış klubların formasını geyinmiş İshak Belfodil mövsümün əvvəlində "Sabah"la 2025-ci ilin yayınadək müqavilə imzalayıb.
O, "tələbələr"in heyətində 8 matçda meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

