“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirdi.
Ağdam təmsilçisi “Sabah”ın oyunçusu Aleksey İsayevi heyətinə qatdı.
Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi "atlılar"a nə az, nə çox 500 min dollara başa gəldi.
Təbii ki, Alekseyin gedişi "Sabah"ın zəifləməsi ilə yadda qalacaq.
O, Masazır klubunun ən önəmli silahlarından biriydi.
Əbəs deyil ki, baş məşqçi Murad Musayev də onun gedişinə israrla mane olmağa çalışırdı.
Bu gün əksəriyyət bu keçidə eyni aspektdən baxır - "Qarabağ" qazandı, "Sabah" uduzdu.
Amma bu transfer həm də başqa məqamlarla tarixə düşəcək.
Belə ki, yerli klublar arasında belə məbləğə satış ilk dəfə reallaşdı.
Məsələn, "Qarabağ" Kadi Borgesi əcnəbi kluba 5 milyona sataraq futbol tariximizə düşüb.
Amma həmin "Qarabağ" belə bu günə qədər hansısa futbolçunu bir başqa yerli kluba nə bu qiymətə sata bilmişdi, nə də ala.
Yerli bazardakı belə aktivliyə ancaq sevinə bilərik. Təki tez-tez oxşar transferlərlə qarşılaşaq.
Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər.
Belə ki, İsayev 2020-ci ildə "Sabah"a azad agent kimi keçmişdi.
Paytaxt klubu bir manat xərcləmədən əldə etdiyi "10 nömrə"dən 3 il meydanda istifadə etdi və sonda da onun satışından böyük məbləğdə gəlir qazandı.
Qış fasiləsinin səs-küylü transferinə bir az böyük çərçivədən baxanda aydın görünür, bu keçiddən təkcə "Qarabağ" yox, həm "Sabah", Azərbaycan futbolu qazanmış oldu.
"Qarabağ" yaxşı oyunçu qazanmaqla bərabər, digər klublara da siqnal vermiş oldu - Hazır olun, hər an qapınızı döyə bilərik. Hətta 500 min dollarla.
Aleksey nümunəsi xüsusilə "Sabah"ın heyətindəki futbolçulara əlavə motivasiya, həm də klubun növbəti transferlərini bir qədər asanlaşdırmış olacaq.
Heyətdə olanlar düşünəcək ki, sabah bizim də karyeramızda belə işıqlı yol açıla bilər.
Yeni transferlər də məhz həmin işıqlı yol ümidi ilə seçim qarşısında qalanda digər təmsilçilərimizlə müqayisədə "Sabah"ı seçməyə üstünlük verəcəklər.
Böyümək üçün bəzən belə futbolçuların gedişi açar rolunu oynamış olur.
Necə ki, "Qarabağ" illərdi əsas liderlərini ( Reynaldodan Kadi Borgesə kimi) itirə-itirə böyüyür.
Xatırladaq ki, Aleksey İsayev 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.
XANOĞLAN İMANOV

