"Nəyə görəsə alınmır"

28 Dekabr 2023 02:10 Sabah 621
"Nəyə görəsə alınmır"

Bu mövsüm ən zəif çıxış edən klublardan biri də "Sabah”dır.

Ötən il belə demək mümkünsə, fırtına kimi əsən, hətta bəzən çempionluğa da iddiası olan Bakı klubu hazırda həmin formasının kölgəsidir desək, yanılmarıq.

Hazırda ikinci pillədə olan "Zirə” ilə aralarında cəmi yeddi xallıq fərqə baxmayaraq, bu davamiyyətlə "Sabah”ın sonu yaxşı görünmür.

Elə ilin son turunda çempionatın autsayderi "Qəbələ”yə 0:1 hesabı ilə məğlub olmaları çox şeydən xəbər verir. Komandanın bu duruma düşməsi isə müxtəlif amillərlə əlaqələndirilir.

"Sabah”ın kapitanı Elvin Camalov komandası haqda düşündüklərini qaynarinfo-ya bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, hazırda baş məşqçi postu boş qalan millimizlə bağlı fikirlərini də bildirib.

- "Sabah”ın fasiləyə qədər olan çıxışını necə dəyərləndirirsən?

- Bu mövsümü keçən illə müqayisə etmək istəməzdim. Son beş ayı qeyri-sabit çıxışla yadda qalmışıq. Düşünürəm ki, bir-iki komandanı çıxmaq şərtilə digərləri də eyni durumdadır. Bu səbəbdən "Qarabağ”ı çıxmaq şərtilə, turnir cədvəlində komandalar arasında elə də böyük xal fərqi yoxdur. İnşallah qış fasiləsində səhvlərimizin üzərində daha ciddi çalışıb mövsümün qalan hissəsinə yaxşı start verərik.

- "Sabah” ötən il fırtına kimi əsirdi, "Qarabağ”la başabaş oynayırdı. Birdən-birə komandanın aşağı pillələrə düşməsinin səbəbini necə izah edə bilərsən?

- Düzdür, bu il "Qarabağ”a məğlub olmuşuq. Mən deyərdim ki, mübarizə aparırıq. Sadəcə bəxt amili tərəfimizdə olmur. Bir oyun yaxşı oynayırıq, digərində şanslarımızdan istifadə edə bilmirik. Bu da qeyri-sabitlikdir. Komanda daxilində hər şey qaydasındadır, uşaqlar oyunlara ciddi şəkildə hazırlaşırlar. Həmçinin də məşqçilər heyəti, rəhbərlik böyük səy göstərir. Sonda hamı nəticəyə baxır. Uğursuzluq yaşayanda hər kəs komandada problem olduğunu, dəyişildiyini düşünür. Komandanın içində olan bir insan, kapitan kimi deyə bilərəm ki, yeni gələn oyunçularımız keyfiyyətlidir. Sadəcə, nəyə görəsə alınmır. Bəxt tərəfimizdə olmur, fürsətlərdən yararlana bilmirik. Əsas səbəblərdən biri kimi, bəxtsizlik amilini qeyd edərdim. Mübarizə aparırıq, amma nəticə qazanmırıq.

- Komandanın uğursuzluğunu həm də Coy-Lens Mikels, Aleksey Kaşuk kimi legionerlərin getməsi ilə əlaqələndirirlər. Kapitan kimi sən necə düşünürsən? Görünür, qalan futbolçular onların yerini doldura bilməyib.

- Hər ikisi həqiqətən keyfiyyətli futbolçular idi. Amma bu futboldur, indi buradasan, sabah başqa yerdə. Onların gedişi təsir göstərə bilər. Ancaq sırf bununla əlaqələndimək olmaz. Çünki gələnlər də keyfiyyətli futbolçulardır. Sadəcə, nədənsə alınmır. Ola bilər komandaya, çempionatımıza tam uyğunlaşmayıblar. Psixoloji amillər də rol oynaya bilər. Azərbaycan çempionatı həqiqətən çox çətindir. Əcnəbilər elə bilirlər ki, asandır. Amma bura gələndən sonra hər biri görür ki, komandalar az olsa da, çempionat çətin keçir. Bütün komandalar oyunlara çox ciddi hazırlaşır. Keçən il yaxşı nəticə göstərdiyimiz oyunlarda belə bütün rəqiblərin bizə qarşı mübarizə apardığını görürdük. Bu il də belədir, güclənirlər və mübarizə aparmağa çalışırlar.

- Komandanın heyətdəki legionerləri ilə turnir cədvəlindəki mövqeyi düz gəlmir…

- Bütün komandalarda legionerlər var. İndi klublar yaxşı transferlər etməyə, iki heyət yaratmağa çalışırlar. Bizdə oyunçular arasında rəqabət həqiqətən çoxdur. Bir neçə futbolçumuz son oyunlarda zədələndi, cəzalı duruma düşdü. Fikrimcə, bunların da böyük rolu var. Elə futbolçu var, zədədən qayıdandan sonra tam o formada olmur, komandaya köməklik göstərə bilmir. Zamanla daha da yaxşı olacaq.

- Kapitan kimi çıxış yolunu nədə görürsən? Səni ən çox narahat edən nədir?

- Məni narahat edən, keçənilki nəticələrdən sonra aşağı pillələrdə qərarlaşmağımızdır. Həqiqətən uşaqlar can atırlar, çalışırlar. Çıxış yolu odur ki, səhvlərimizi analiz edib təkrarlamayaq. Məncə, qış fasiləsi işimizə yarayacaq. Mövsümə daha yaxşı şəkildə davam edərik.

- Hakim idarəçilikləri ilə bağlı nə düşünürsən? Hansısa oyunda sırf hakim səhvi ucbatından uduzduğunuzu düşünürsən?

- Hakimlər haqqında danışmaq mənim öhdəliyimə düşməz. Futbolçu kimi oyunun təkrarına baxırıq, səhvləri isə məşqçilər analiz edir. Bəzən elə olur ki, biz də baxıb təəccüblənirik. Amma bu oyunlar ərzində, hansısa oyunda sırf hakim səhvi üzündən uduzduğumuzu deməzdim. Bu, bəhanə olacaq. Nə vaxtsa bizə qarşı səhv qərar verilmiş ola bilər. İlk növbədə günahı özümdə, daha sonra komandada görürəm. Çox çalışmalı, özümüzü toparlamalıyıq.

- Düşünmək olar ki, komanda baş məşqçi Murad Musayevin tapşırıqlarını lazımi şəkildə yerinə yetirə bilmir?

- Murad Musayev təcrübəli mütəxəssisdir, "Sabah”ın tarixində çox böyük rol oynayıb. Keçən il də nəticə baxımından bunun şahidi olduq. İstədiyi futbol, məşqləri də çox gözəldir. "Sabah”da olduğum üçün tərifləmirəm. Mən çox məşqçilərlə - Qriqorçukla, Yuri Syominlə işləmişəm. O, gördüyüm əcnəbi məşqçilər arasında ən yaxşılardandır. Keçən mövsümdəki kimi, onun istədiklərini bu il də edə bilsək, həqiqətən nəticə verəcəyik.

- Baş məşqçinin mətbuat konfranslarındakı çıxışlarında sanki ümidsizlik hiss olunur. Bu mənada mösümün sonu ilə bağlı nəyə ümid edirsiniz?

- İndidən mövsümün sonu haqda danışmaq bir qədər yalnış çıxar. Hələ bizi qarşıda demək olar, yarım dövrə gözləyir. Turnir cədvəlinə fikir verib, iki-üç oyun sonranı düşünmürük. Hansı rəqiblə qarşılaşırıqsa, diqqətimizi ona yönəldirik. Turnir cədvəlində ikinci yerdə olan komanda ilə aramızda cəmi yeddi xal fərq var. İki oyunda qələbə qazansaq, yüksək pillələrdə ola bilərik. Bu fikirləri dəyişmək üçün oyunumuzu sabitləşdirməliyik. Elə oyun var ki, yaxşı çıxış edirik, bəzilərində isə "Sabah”ı tanımaq olmur. Gələn il mövsümün başlanğıcından etibarən sabit çıxış etməliyik.

- Cari çempionatı necə xarakterizə edərdin? Səni ən çox təəccübləndirən nədir?

- Neçə ildir futbol oynayıram. Hər il komandalarımız daha da güclənir və iddialı olur. Heç kim həvəsdən düşmür, istəyirlər ki, daha yaxşı olsunlar. Ən aşağı pillələrdə qərarlaşan komandalar belə "Qarabağ”la başabaş mübarizə aparmağa çalışır. Ola bilər sıx qrafikləri var, amma iki heyətə malikdirlər. Həqiqətən istək olanda bütün komandalar bir-biriləri ilə başabaş mübarizə apara bilər. Mənim üçün xoşdur ki, ildən-ilə rəqiblər güclənirlər. Başqa xüsusi bir şey görmürəm. Çempionatımız, millimiz də gündən-günə inkişaf edir. İsveçlə oyundə qələbə qazanmağımız həqiqətən yaxşı idi.

- Yeri gəlmişkən, milli ilə bağlı hansı fikirdəsən?

- İsveçlə oyunun nəticəsi xoş idi. Belçikaya məğlub olsaq da, komandamız pis deyil. Düzdür, daha da inkişaf etməliyik.

- Ümumiyyətlə, De Byazi bizə nə verdi?

- Yaxşı insan idi. Haqqında mənfi fikirlər söyləyə bilmərəm. Əziyyəti oldu. Onun rəhbərliyi altında yaxşı nəticə verdiyimiz zamanlar da oldu. Məni yığmaya dəvət etdiyi üçün demirəm, onun haqqında mənfi fikir söyləməzdim. Çox səmimi deyirəm, oyunçulara o qədər can yandırmağı var idi ki… Ən xoşuma gələn xüsusiyyəti futbolçuları çox yaxşı motivasiya etməsi idi. Həqiqətən içindən istəyirdi. Mimikalarına baxanda bunu hiss etmək olurdu. O, öz istəyini motivasiyasını bizə də ötürməyə çalışırdı.

- Milli üzvü kimi fikirlərini öyrənmək maraqlı olardı. Yığmaya yerli, yoxsa əcnəbi baş məşqçi gəlməsini istəyərdin?

- Buna rəhbərlik qərar verəcək. Kimin gəlməsindən asılı olmayaraq, borcumuz millinin şərəfini qorumaqdır. Milliyə dəvət almaq bizim üçün fəxrdir. Nə zaman dəvət alsaq, istənilən məşqçinin rəhbərliyi altında canla-başla çalışmalıyıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti