“Üzləşdiyimiz vəziyyəti özüm də başa düşə bilmirəm.
Hərdən düşünürəm, amma ağlıma tutarlı səbəb gəlmir”.
“Sabah”ın legioneri Sofyan Çakla Sportinfo.az-a açıqlamasında şərəfini qoruduğu komandanın cari mövsümdə qeyri-sabit təsir bağışlaması ilə bağlı danışıb.
Ötən futbol ilində çempionluq uğrunda “Qarabağ”la mübarizəyə girişən, yekunda gümüş medalları haqq edərək avrokuboklara vəsiqə qazanan “tələbələr” xoş günlərindən uzaq düşüb.
Başlıca səbəblərdən biri komandanın qeyri-sabit təsir bağışlamasıdır.
Təsəvvür edin, Murad Musayevin rəhbərlik etdiyi kollektiv cari mövsümdə ardıcıl 3 oyunda qələbə qazana bilməyib. Ardıcıl 2 oyunda qalibiyyətə sevinib ki, bu, bir halda baş verib.
Odur ki, Masazır təmsilçisi 18 oyundan cəmi 22 xal toplayaraq 8-ci pillədə qərarlaşıb.
30 yaşlı mərakeşli müdafiəçi mövcud duruma bu cür şərh verib:
“Geriyə boylanıb keçmişdə yaşananlar barədə danışmaqla heç nə dəyişməyəcək. Fakt budur ki, turnir cədvəlinin 8-ci pilləsindəyik.
Vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizə yaxşı imkan düşüb. Bu 1 ay ərzində yol verdiyimiz səhvləri müəyyənləşdirib, onları aradan qaldırmalıyıq.
İndiki durumdan işləməkdən başqa çıxış yolumuz yoxdur. Komanda şəklində döyüşməyi bacarmalıyıq.
Avrokuboklara vəsiqə istəyiriksə, dayanmadan çalışmaqla pozitivə köklənməliyik. Rəqiblərlə aramızda 4-5 xal fərq var. Qarşıda 18 oyunun qaldığını nəzərə alsaq, bu, elə də çox deyil.
Vaxtilə “Vilyareal”la “Xetafe”nin heyətində İspaniya La Liqasının həyəcanını yaşamış mərkəz müdafiəçisi cari mövsümdə Premyer Liqada meydana çıxdığı 17 qarşılaşmada 2 qola imza atıb.
HƏBİB

