“Sabah”ın yay fasiləsində heyətinə qatdığı ən səs-küylü transferlərdən biri Ayaz Quliyev oldu.
Uzun müddətdir Azərbaycan klubları ilə adı hallanan Moskva “Spartak”nın yetirməsi sonda Masazır klubu ilə anlaşdı.
Ondan gözləntilər böyük idi.
Bu da səbəbəsiz deyil.
Qonşu ölkədə parlaq karyerası olan yarımmüdafiəçi Rusiyanın bütün aşağı yaş millilərində çıxış edib.
Düşünmək olardı ki, Ayazın adaptasiya prosesinə də uzun zaman lazım olmayacaq.
Hər halda, Braziliya və ya hansısa Afrika ölkəsindən yox, qonşu Rusiya çempionatından Premyer Liqamıza qonaq gəlib.
Amma arxada qalan yarım ildə Quliyev heç cür özünü doğrulda bilmədi. Nə zaman ona məlhəm oldu, nə də ölkələr arasındakı yaxınlıq.
Bu müddətdə baş məşqçi Murad Musayev 27 yaşlı futbolçuya 13 oyunda meydana çıxmaq fürsəti verib.
Ayaz 13 matçdan yalnız “Kəpəz”lə kubok görüşündə start heyətində yer alıb.
Onda da 60-cı dəqiqədə əvəzlənib.
Digər 12 qarşılaşmanın hamısında Musayev “8 nömrə”ni ehtiyatdan oyuna qoşub.
Ümumilikdə cəmi 287 dəqiqə meydanda olan orta sahə oyunçusu yalnız 2 qol ötürməsilə yadda qalıb.
Statistika bir kənara, meydanda olduğu müddətdə açıq-aşkar görünür ki, o, formasından çox uzaqdadır.
Düzdü, klası olduğu görünür, lakin o qədər ləng hərəkətlər edir ki, həmin klası da kölgədə qalır.
Əbəs deyil ki, rusiyalı mütəxəssis onu əsas heyət üzvü kimi görə bilmir.
Performansı buna əsas verir.
400 min dollar təzminat ödənilərək “Ximki”dən Bakıya gətirilən futbolçu burada 3 ilinə 800 min dollar qazanc əldə edəcək.
Kifayət qədər böyük rəqəmlərdi.
Və bu rəqəmlərin qarşılığında onun “Sabah”a verdiyi dəryada damla da deyil.
Bu gün üçün mənzərə belədir, qışdan sonrasını isə zaman göstərər.
XANOĞLAN / SPORTİNFO.AZ

