Artıq o "Sabah" olmayacaq?

23 Dekabr 2023 17:40 Sabah 904
Artıq o "Sabah" olmayacaq?

«Keçənilki «Sabah»ı unudun, artıq o «Sabah» olmayacaq…».

Nə deməkdir bu?

Murad Musayev yaxasını hara çəkir, məsuliyyəti kimin üzərinə yükləmək istəyir?

Heç düz eləmir.

2021-ci ilin payızından burada çalışır, nəticələr yaxşısı və pisiylə onun adıyla bağlıdır.

İşlər qaydasında getməyincə, «mənlik bir şey yoxdur» görüntüsü yaratmaq Murad Musayevin ayıbıdır. Demək istəyir ki, yayda alınan futbolçuları mən seçməmişəm, ona görə də günahı məndə görməyin?

Paho, nə yaxşı iş imiş…

Murad Musayev, el diliylə desək, özünü «mazata mindirib». Ötənilki təriflərdən elə meyxoşlanıb ki, şəxsini Bağdaddakı kor xəlifə sayır.

Necə yəni artıq o «Sabah» olmayacaq? Bəs onda sən nə üçün burada varsan və hələ üstəlik, Azərbaycanda qalmağın planlarını cızırsan?

Fikrin millinin yanındadır, gecə-gündüz oranın xiffətini çəkirsən, ona görə?

Qəbələ səfəri Murad Musayevin bir məşqçi kimi son illər qazandığı imic divarından daha bir yekə daşı yerə saldı. «Sabah» dağlar qoynunda arğın-yorğun göründü, istək hiss etdirmədi.

Ev sahibi hesabı açdı, veclərinə olmadı.

Penaltini qaçırdılar, yenə veclərinə olmadı.

Son dəqiqələrdə topun arxasınca qaçmadılar, kor-koranə ötürmələr etdilər, onu ayanda saxlamadılar - yenə onun kimi.

Bu, Murad Musayevin ümumi səhvlərinin, aylardır «Sabah»a barmaqarası yanaşmasının «bəhrə»sidir. Nə tökərsən aşına, o da çıxar qarşına.

Sən hər həftə sarı-qırmızı vərəqə al, hakimlərlə dalaş, futbolçularına pis örnək olar, sonra da yaxşı oyun, sabit nəticə tələb elə - heç yerdə belə şey yoxdur, mümkün də deyil.

Sən ağlını Azərbaycan yığmasına ver, Rusiya klublarının «radar»ında olmağınla bağlı rəy yarat, fikir azdır, sonra da de ki, artıq o «Sabah» olm ayacaq…

Bu, bir adamın çörək yediyi yerə xor baxması qədər böyük qəbahətdir.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti