Premyer Liqanın 8 iştirakçısından yeddisi avrokubokları görüb.
Heç olmasa, 1 dəfə Biləcəridən o tərəfə gedib-qayıdıblar.
Yeganə iştirakçı «Sabah»dır ki, onun da ümidi bir Allaha qalıb! Yaradan da kömək eləməsə, «Sabah» sabah o günü görməyəcək, daha bir və ya bir neçə il gözləyəcək.
Nə kəramətdirsə, AFFA-da əyləşənlər «Sabah»a qarşı qəsd-qərəzdən əl çəkmirlər.
Bataqlığın girdabında olanın ən böyük səhvi çabalamaqdır. O, çabaladıqca, boğulmaq və suyun üzündən itmək ehtimalı daha da güclənir.
Rövnəq Abdullayevin SOCAR-dan gedişi də, deyəsən, AFFA mənsublarına nəsə demir. Saatlarını yenidən qurmağa həvəs göstərmirlər. Dünəndə yatıb qalıblar.
AFFA-dakılar «Sabah»ı lupa altında izləməkdə davam edir. Mövsümün ilk yarısında ən azı təyinat alan hakimlərdən biri olan Rəvan Həmzəzadəni «Neftçi» ilə oyuna göndərməklə nə demək istədilərsə, onu da dedilər.
Bununla qarşı tərəfə meydan oxudular, «bizim öz planlarımız var, mane olusuz» mesajı verdilər.
Hakim paltarı geyinmiş Rəvanın əliylə «Sabah»ı dəstəkləyən çevrələrə nümayiş etdilər ki, sizi özümüzdən saymırıq, buranın xəlifəsi bizik. Bu, sərt dillə danışmaqdır, meydan oxumaqdır, «mənəm-mənəmlik»dir.
AFFA «Qarabağ»ın Premyer Liqanı udmaq perspektivi ilə barışıb. Derbidən də göründü bu.
Riçard Almeydanın Gilyerme Patonun üzünə endirdiyi açıq dirsək zərbəsinə göz yuman Kamal Umudlunun bir tayını da Masazıra ezam etdilər ki, həmkarının «Neftçi» qarşısında günahını yusun.
Yudu, nə yudu! Artıqlamasıyla. Epizodlar üzrə geisək, bir daha məlum olur ki, bu, AFFA məsələsidir.
Qətiyyən inanmıram ki, «Neftçi»nin hansısa üst funksioneri fasilədə hakimlər otağına daxil olaraq, oyunun gedişatını dəyişəcək qərarlar verməsini istəsin, zor tətbiq eləsin. Köhnə zamanlar deyil ki, kimsə özündə belə cəsarət tapsın.
AFFA müstəqil fəaliyyət göstərən, ondan asılı olmayan azsaylı klubları «qara siyahı»ya salıb. «Qarabağ»a qarşı həmişə bunu edə bilmirlər, çünki güclüdürlər.
Ölkənin, hökümətin «Qarabağ»a münasibətini görürər və ondan ehtiyat edirlər. «Zirə» və «Sabah» isə həmin bu «qara siyahı»nın dəyişməz üzvləridir.
Doğrudur, adlarını çəkdiyimiz klubların arxa-dayaqları da kifayət qədər güclüdür, di gəl, AFFA-nı idarə edənlərin fikrincə, onlarla kəllə-kəlləyə gəlmək az təhlükəlidir.
Hər halda bu klubların üzdə olan və pərdə arxasında dayanan patronları indiyədək hakim qərəzinə sərt münasibət bildirməyib, AFFA-nı sorğu-suala çəkməyib, ağırlıq mərkəzi olmaq istəməyib. «Əşşi, oldu da, keçənə güzəşt» prinsipindən bir dəfə də imtina etməyiblər, sükutu pozmayıblar.
AFFA ötən mövsüm «Zirə»ni finalın qapısından geri qaytardı, dünən də «Sabah» yarımfinalın biraddımlığında dayandırıldı.
Hesab 1:0 olarkən, «Neftçi»nin qapısına verilməyən penalti, Eddi İsrafilovun «qırmızı»lıq epizodunun «sarı» ilə ötüşdürülməsi, Səlahət Ağayevin meydandan, Murad Musayevin texniki zonadan uzaqlaşdırılması «Sabah»a qarşı hazırlanmış çirkin kabinet «oyun»unun tərkib hissəsinə daha çox oxşadı.
Hansısa hakim öz istəyi ilə bataqlığa girməz, üz-gözünü bulaşdırmaz. Fikrimcə, bunu tapşıran, sifariş verən var.
Bütün bunlar «Sabah»ı əhatə edən və onu içinə alan «böyük oyun»un bir parçasıdır.
Murad Musayevin, görünür, bunlardan xəbəri yoxdur, varsa da, çox az. AFFA-da oturanları qıcıqlandıran onun gəlişindən sonra «Sabah»ın dirilişə keçməsi, iddiasını real müstəviyə daşımasıdır.
Onlar «Sabah»ı belə görməyiblər və görmək də istəmirlər. Əllərində həmzəzadələr var ikən, «Sabah» kimi klubların işi heç vaxt rəvan getməyəcək.
Xəzər Hikmət

