Region Liqasında təxirə salınan "Xocalı" PFK - VT "Gəncə" oyunu yenidən keçiriləcək.
Sportinfo.ıaz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
2025-ci ilin dekabrın 29-da baş tutmalı matç hər iki komandanın oyun forması eyni olduğuna görə keçirilməmişdi.
Bundan başqa, bu görüşdə "Gəncə" komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün 10 oyunluq cəzalanıb.
Eyni zamanda 28 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan "İstiqlal" FK - "Sabirabad" FK oyununun "İstiqlal" FK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün yarışdan kənarlaşdırılıb.
"Xudat City" FA - "Gənclik" İK oyunu "Gənclik" İK komandasının heyətində lisenziyası olmayan oyunçuların olduğuna görə baş tutmadığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Real" FK - "City Baku" FK oyunu bitdikdən sonra "City Baku" FK komandasının protokolu doldurmadığı aşkarlandığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Topçular" FK - "Samur" FK oyununda "Samur" FK komandasının heyətində futbolçu Viqar Əlibabayev qarşılaşmanın 80-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün üç oyunluq cəzalanıb.
"Beyləqan" FK - "Murov Kəlbəcər" FK oyununda "Beyləqan" FK komandasının heyətində Valid Yusubzadə qarşılaşmanın 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.
"Ağcabədi" FK - "Ağsu Siti" oyununda qarşılaşmanın 62-ci dəqiqəsində "Ağcabədi" FK komandasının heyətində Ruslam Rüstəmov təcavüzkar davranışa (rəqibi başla vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb. Eyni görüşün 65-ci dəqiqəsində "Ağsu Siti" komandasının heyətində Mətin Əbilsoy təhqiredici ifadələrdən istifadə etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün, oyun bitdikdən sonra isə hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 oyunluq cəzalanıb.
"Şəfəq" FK - "Samux" FK oyununda qarşılaşmanın 68-ci dəqiqəsində "Samux" komandasının heyətində Cavid Abbasov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı, qırmızı vərəq aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb.
"Ərgünəş" (Füzuli)- "Mübariz" FA oyununun "Ərgünəş" komandası tərəfindən həkim təmin edilmədiyinə görə baş tutmadığı üçün bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

