Region Liqasında daha bir biabırçı mənzərə - VİDEO

28 Mart 2023 13:40 Region Liqası 1 030
Region Liqasında daha bir biabırçı mənzərə - VİDEO

Region Liqasında mübarizə aparan “Difai“ növbəti dəfə AFFA-ya müraciət ünvanlayıb.

Qarabağ qazilərinin doğma klubu İntizam Komitəsinin sədri Erkin Hüseynova göndərdiyi məktubda əsasnamənin tələblərinin pozulması ilə bağlı şikayət öz əksini tapıb:

“Bildiyiniz kimi, 26 mart 2023-cü il 23/03-02 saylı məktubla Region Liqasının Paytaxt-Şimal bölgəsi üzrə “Şirvanovka“ - “Difai“ arasında keçirilmiş pley-off mərhələsinin cavab oyunu zamanı Əsasnamənin tələblərinin pozulması üzrə müraciət etmişdik.

Müraciətimizə həmin oyun başlamadan öncə rəqib komanda və hakimlər tərəfindən Əsasnamənin tələblərinin kobud surətdə pozulması video yazısını təqdim etmək istəyirik.

Video materialda rəqib komandanın Əsasnamənin 6.1., 6.3., 7.7., 9.7., 11.2.,12.3., 12.4., 12.6., oyunun baş hakiminin Əsasnamənin 5.11.c., 5.11.d., 9.7., 12.7., 16.5. bəndlərini pozması açıq şəkildə görünür.

Belə ki, oyunun baş hakimi İslam Məmmədov Əsasnamənin tələblərini heçə sayaraq, yan hakimə telefonda təqdim olunan siyahıya baxmağı, sonuncu da telefondakı siyahını məktəb uşaqlarının adlarını jurnalda qeyd olunduğu tərzdə “yoxladığı” aşkar görsənir.

Həmçinin video yazıda 2 futbolçunun adlarının aşkarlanmadığı və bu “yoxlama”nın” Əsasnamənin 12.6. bəndinə zidd olaraq hamıya şamil edilmədiyi aşkar şəkildə öz əksini tapır.

Eyni zamanda 16 nömrəli oyunçumuz Elvin Həsənovun matçın 40-cı dəqiqəsində sarı vərəqə almasına toxunmaq istəyirik.

Belə ki, rəqib komandanın 20 nömrəli oyunçusu Habil Nurəhmədovun onun üzünə vurduğu zərbədən sonra baş hakimdən üzünü yuması üçün su istəməsinə cavab olaraq ehtiyat skamyasında oturmuş Elvin Həsənov suyu vermək üzrə hərəkət edərək xətti görmədən bir addım meydançaya girib, xəbərdarlıq edilən kimi suyu ataraq geri çəkilib.

Baş hakimin “qeyri idman hərəkəti” adlandırdığı bu addımı və eləcə də, 44 nömrəli oyunçumuz Anar Məmmədovun onun əlini sıxmaqdan imtina etməsinin “hakimi təhqir etdiyi üçün” qeydlərini qiymətləndirməyinizi xahiş edirik.

Qeyd olunan hər iki oyunçu Vətən Müharibəsi iştirakçısıdır. Bunu hər hansı güzəşt olunması xatirinə deyil, onların haqsızlığa və qərəzli mövqeyə qarşı olan duruşuna diqqət çəkmək üçün qeyd edirik.

“Difai” öz adını tarixə qızıl hərflərlə yazmış təşkilatın adını daşıyır və yaşadır. Məqsədimiz ətrafımızda daha çox gənc nəsli, müharibə iştirakçılarını toplamaqdır.

Qərəzli mövqedə dayanmış bəzi hakimlər müharibə iştirakçısı olan gənclərə mənəvi zərbə vurduqlarını ya anlamır, ya da bunu bilərəkdən edirlər».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti