"Biznesim var və oradan qazandığım pulla komandanı saxlayıram"

17 Yanvar 2023 18:00 Region Liqası 1 583
"Biznesim var və oradan qazandığım pulla komandanı saxlayıram"

«Yaratdığımız klubu I Divizionda oynatmağa gücümüz çatır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qala»nın prezidenti Vüsal Məmmədov deyib.

Ötən ilin yayında formalaşdırılan və Region Liqasında qüvvəsini sınayan Şəmkir təmsilçisinin rəhbəri maliyyə durumlarının normal olduğunu bildirib:

«Klubumuza Rusiyada yaşayan və işləyən şəmkirli iş adamlarından dəstək var. Hər ay köməklik göstərirlər. Onlarla danışmışıq, bu yardım davamlı şəkildə olacaq.

Ola bilər ki, başqaları da «Qala»ya pul ayırsın. Açığı, öz imkanım da pis deyil. Müəyyən biznesim var və oradan qazandığım pulla komandanı saxlayıram.

Düzünü demək lazımdırsa, Region Liqası böyük pul aparmır. Komandanın əsası yerli uşaqlardan qurulub və biz onlara hər oyuna görə mükafat veririk.

Bir də, hansısa problemləri yaranırsa, onda dəstək oluruq. Başqa ciddi xərcimiz yoxdur. Bəli, bilirəm ki, Divizionda oynasaq, xərclərimiz bundan xeyli çox olacaq. Bu da bizi qorxutmur.

Təki, böyük futbol Şəmkirə qayıtsın! Peşəkar status daşıyan çempionatda çıxış etmək üçün hər əziyyətə qatlaşarıq, tələb olunan maliyyənin öhdəsindən gələrik.

Sevinirik ki, AFFA da Divizion komandalarına maliyyə ayırır. O yardım fondundan «Qala»ya da vəsait ayrılsa, işimizi lap yüksək səviyyədə qurarıq, daha da iddialı komanda yaradarıq».

Digər Xəbərlər
Xəbər Lenti