İSTEFA OLMAYACAQ: "Mənim işimə rəhbərlik qiymət verir"

4 Mart 2020 18:06 Qəbələ 769
İSTEFA OLMAYACAQ: "Mənim işimə rəhbərlik qiymət verir"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib

- Növbəti tur "Sumqayıt"la qarşılaşacaqsınız. Hazırlıq necə gedir?

- Hər şey qaydasındadır. Komanda tam şəkildə qarşıdakı oyuna hazırlaşır. Sevindirici hal oldur ki, zədəli futbolçumuz yoxdur.

- "Neftçi"yə məğlub olduğunuz görüşdə azarkeşlər istefanızı istədi. "Zirə" ilə görüşdə məğlubiyyət istefaya zəmin yarada bilərdimi?

- Açığı, mən istefa şüarı səsləndirən azarkeşləri normal qarşıladım. Nəticə yoxdursa, azarkeşlərin tələbi haqlıdır. Özümün istefa verməyimə gəlincə, mənim işimə rəhbərlik qiymət verir. Rəhbərlik tərəfindən bu qərar qəbul olunarsa, mən də bununla razılaşacam.

- Üçüncü dövrəyə ardıcıl 4 məğlubiyyətlə başladınız. Belə uğursuzluqdan sonra komandada nəyi dəyişdiniz ki, son turda qələbə qazana bildiniz?

- Qış fasiləsində komandanın aparıcı üzvləri bizi tərk etdi. Onların yerinə cəlb etdiyimiz futbolçular isə komandaya gec qoşuldular. Ona görə də tam şəkildə hazırlaşa bilmədik. Yenilərin uyğunlaşması üçün zamana ehtiyac var idi. Bu axsamaların bizi gözlədiyini bilirdik

- "Qəbələ"nin kubokda da çıxışını davam etdirdiyini nəzərə alsaq, düşünmək olarmı ki, çempionat oyunlarında çox güc sərf etməyəcəksiniz?

- Yox, biz o barədə düşünmürük. Yalnız qarşıdakı oyunu düşünürük.

- Dünən milli komandamızın Millətlər Liqasındakı rəqibləri məlum oldu. Qrupumuz barədə siz nə düşünürsünüz?

- Düşdüyümüz rəqiblər hamısı çətindir. Sadəcə düzgün yanaşma və yaxşı hazırlıqla müsbət nəticələr qazanmaq mümkündür.

- AFFA hələ də milli komandaya baş məşqçi təyin edə bilməyib. Sizcə yerli ya əcnəbi baş məşqçi gəlməlidir?

- Kim olur-olsun. Amma elə bir məşqçi olmalıdır ki, milli komandada inkişafın olduğunu hiss elətdirsin.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti