"Bu qərarı mənim müzakirə etməyim doğru deyil"

27 Fevral 2020 00:56 Qəbələ 1 308
"Bu qərarı mənim müzakirə etməyim doğru deyil"

Sportinfo.az “Qəbələ”nin ispaniyalı yarımmüdafiəçisi Fernan Lopesin müsahibəsini təqdim edir

- Qış fasiləsindən sonra 4 oyunda da məğlub olmusunuz. Bunu bərbad çıxış adlandırmaq olar?

- Düşünürəm ki, qış fasiləsindən sonra keçirdiyimiz oyunlarda heç də pis çıxış etməmişik. Rəqiblərdən üstün oynadığımız dəqiqələr olub. Lakin yaratdığımız qol epizodlarının ən kritik anlarında səhvlərə yol vermişik. Həm hücumda, həm müdafiədə yanlışlara yol verdik. Futbol da məhz bunun üzərində qurulub.

- İbrahim Niasse və Davit Volkov qış fasiləsində komandadan getdi. Sanki onların yerini doldura bilmirsiz…

- Doğrudur, onların gedişi bizə pis təsir etdi. Komandamız üçün vacib futbolçular idi. Lakin yeni oyunçularımız var və biz onların gücünə, bizə kömək edəcəklərinə inanırıq. Çox şeyi dəyişəcəklər.

- “Səbail”lə matça qayıdaq. Qırmızı vərəqə aldın. Hakimin qərarı ilə razılaşırsan?

- Fikrimcə, ikinci sarı vərəqə şübhəli qərar idi. Yəni vərəqəsiz keçinmək olardı. Düşünürəm ki, epizodu o şəkildə dəyərləndirmək doğru deyildi. Təkrara baxanda da görünür ki, topa birinci çatmayacağımı görüb ayağımı çəkirəm.

- “Neftçi” ilə matçda əsas oyunçularda Merab Qiqauri və Asif Məmmədov meydana çıxmadı. Onların oynamaması nəticəyə təsir etdimi?

- Bu qərarı mənim müzakirə etməyim doğru deyil və baş məşqçinin qərarıdır. Hər kəs bu dəyişikliyi qəbul etdi və dəstəklədi. Kim meydana çıxırsa, hamı onlara dəstək verirdi. Fikrimcə, baş məşqçi göstərdi ki, hər kəs oynaya bilər. Əgər sən layiqsənsə, meydanda olacaqsan. “Neftçi” kimi rəqibə qarşı yaxşı oyun göstərdik.

- Yeni transferlərin adaptasiya dövründə çətinliklər olacağı bəllidir. Bu müddət keçdikdən sonra onlar istədiyiniz köməyi edəcəklərmi?

- Düşünürəm ki, çox köməkləri dəyəcək. Onların hər biri bizim üçün vacibdiurlər. Komandadakı hər kəs bu futbolçuların adaptasiyasına kömək etməlidir.

- Növbəti oyununuz “Zirə”yə qarşı olacaq. Rəqibin də son oyunlarda zəif çıxışını nəzərə alsaq, qələbə qazanmaq şansınız yüksəkdirmi?

- Biz onların əvvəlki matçlarda necə oynadığını düşünmürük. Hər qarşılaşma fərqlidir. “Zirə” çox yaxşı komandadır. 3 xalı qazanmaq asan olmayacaq. Lakin biz bunu etməyə hazırıq (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti