"Qəbələ"nin yaşaması üçün əlindən gələn hər şeyi edirlər"

26 Fevral 2020 21:40 Qəbələ 1 460
"Qəbələ"nin yaşaması üçün əlindən gələn hər şeyi edirlər"

"Qəbələ"nin kapitanı və qapıçısı Anar Nəzirov Sportinfo.az saytına müsahibə verib

- "Qəbələ" üçüncü dövrəyə pis başladı - 4 görüş, 4 məğlubiyyət. Uğursuzluğu nədə görürsən?

- Çətin olacağını əvvəlcədən də bilirdik, ancaq ardıcıl belə məğlubiyyətlər gözləmirdik. Çünki qış fasiləsinə kimi heç də pis çıxış etməmişdik. Rəqiblərimizə öz oyunumuzu diqtə edə bilirdik. Amma üçüncü dövrəyə məğlubiyyətlə başladıq. Oyun olaraq pis çıxış etməsək də,ardıcıl ikinci görüşdə məğlub olmağımız komandanı "sındırdı". Məğlubiyyətlər istər-istəməz komandaya bir inamsızlıq gətirdi. Amma inanıram ki, qarşıdakı görüşlərdə bu çətinliyin öhdəsindən gələ biləcəyik

- Əvvəlcədən çətin olacağını deməklə nələri nəzərdə tuturdun?

- 2 əsas heyət üzvü - Davit Volkov və İbrahima Niasse komandadan ayrıldı. Qış fasiləsində yaxşı futbolçu tapmaq da çətindir. Yeni transferlər isə komandaya bir qədər gec qoşuldular. Həm heyətimizdə gənc futbolçuların çoxluğu, həm də komandaya yeni qoşulan əcnəbilərin uyğunlaşması zaman tələb edir.

- Anar, yaxın keçmişdə Avropa Liqasındakı uğurlu çıxışı ilə azarkeşləri sevindirən "Qəbələ" indi sonuncu pillədədir ...

- Bu tək mənim və ya bizim üçün yox, Azərbaycan futbolu üçün ağırdır. Şərait olaraq hər şey əvvəlki kimidir, amma burda büdcə məsələsi var. İndiki büdcə ilə o vaxtkı büdcə eyni deyil. "Qəbələ" müəyyən büdcə ilə çempionata başladı. Bunu nəzərə almaq lazımdır. Sağ olsun hazırkı rəhbərlik, "Qəbələ"nin yaşaması üçün əlindən gələn hər şeyi edir.

- "Qəbələ" sonuncu pillədən qurtula biləcəkmi?

- Niyə də olmasın? Əlbəttə,ümid var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bu vəziyyətdən çıxaq

- Büdcə məsələsini qeyd etdin. Ümumiyyətlə, sizdən öndə qərarlaşan komandalar ilə "Qəbələ" arasında səviyyə fərqi çoxmu böyükdür?

- Rəqiblərimizdən geri qaldığımızı düşünmürəm. Sadəcə yeni qoşulanların komandaya uyğunlaşmasını gözləmək lazımdır.

- "Qəbələ" sonuncu xalını sənin də meydanda olduğun "Sumqayıt"la görüşdə qazanıb. Ardıcıl 4 məğlubiyyətin üçündə qapını Tərlan Əhmədli qoruyub. Düşünmürsən ki, sən olsan nəticələr daha yaxşı ola bilərdi?

- Yox, mən elə düşünmürəm. Çünki meydanda olduğu görüşlərdə Tərlanın hansısa ciddi səhvini görmədim. Ümumiyyətlə, biz elə bir komandayıq ki, bizdə adlar rol oynaya bilməz. Yalnız hamımız komanda şəkilində daha çox mübarizə apararaq, yaxşı nəticəyə nail ola bilərik.

- Hazırkı turnir cədvəlinə baxanda peşmanlıq hissi varmı ki, gərək "Zirə"dən ayrılmazdım?

- Açığı, bunu mənə deyənlər çoxdur. Amma içimdə belə bir peşmançılıq qəti yoxdur. Çünki keçən mövsüm "Qəbələ"yə qayıtmaqla Azərbaycan kubokunu qazandım. Bu, mənim karyeramdakı ilk kubok idi. Qarşıda isə hələ uzun marafon və kubok görüşləri var. Nələr olacağını öncədən bilə bilmərik. Yaxşı nəticə üçün son ana kimi döyüşəcəyik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti