“Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil

5 Avqust 2020 21:40 Qarabağ 1 367
“Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” Danimarkanın “Kopenhagen” klubundan Uroş Matiçi heyətinə qatdı.

Sportinfo.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək ağdamlılar yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə bağladı.

Serbiyalı futbolçunun transferindən sonra sosial şəbəkələrdə heç də xoş olmayan məsələlər gündəmə gəldi. Daha doğrusu, futbolçunun qardaşı, “Mançester Yunayted”də çıxış edən Nemanya Matiçin bir neçə il əvvəl İrəvanda çəkilmiş şəkli buna səbəb oldu.

Belə ki, İrəvanda oyundan sonra onun “Kosova Serbiyanın, Qarabağ Ermənistanındı” yazılan pankartı tutan azarkeşlərlə çəkdirdiyi şəkil xeyli müzakirə olundu. Təbii ki, bütün dünyada futbolçular tərəfdarların şəkil xahişini yerinə yetirir.

O da sözsüz ki, bu şəkil illər əvvəl çəkilib və bunun Uroşla əlaqəsi yoxdu. Lakin sosial şəbəkələrdə yenə də əsassız hay-küy oldu. Məsələ ilə bağlı “Qarabağ”ın azarkeş qruplarının fikrini, bunun böyüdülməsinə münasibətini öyrəndik (Futbol+).

Elnur Quliyev (İmarət): “Məsələdən xəbərim var, düşünürəm ki, bu, yersiz müqayisə, yersiz hay-küydü. Çünki hər şeydən əvvəl müasir dövrdə heç kim qardaşının etdiyi hərəkətə görə cavabdeh deyil. Hər kəs öz atdığı addıma görə məsuliyyət daşıyır. Bu insan özü Qarabağa icazəsiz səfər etməyib, Ermənistana getməyib, ya da bu məsələylə bağlı hansısa şüar səsləndirməyib. Bu üzdən məsələnin belə təqdim olunması yersizdi. Digər tərəfdən, böyük ehtimalla Nemanya Matiç pankartda yazılan sözlərdən xəbərsizdi. Tutaq ki, olsa belə, hər kəsin öz mövqeyi var. Reallıq budu ki, bu gün ermənilər informasiya müharibəsində bizdən çox üstündülər və insanları da inandıra bilirlər. Düşünürəm ki, məsələylə bağlı əlavə şərhə ehtiyac yoxdu”.

Nurlan Cabbarlı (Qarabağ Ordu): “Nemanya da futbolçudu və azarkeşin xətrinə dəyməmək üçün onlarla şəkil çəkdirib. Şəkli çəkən də, paylaşan da azarkeşdi. Adətən, belə olur, azarkeş oyundan sonra əlində banner, pankart ilə yaxınlaşır və şəkil çəkdirməyi xahiş edir. Çox vaxt heç futbolçular o pankartda yazılana fikir də vermirlər. Üstəlik şəkildəki futbolçumuzun qardaşıdı və şəkil də transfer ərəfəsində yox, bir neçə il əvvəl çəkilib. Əvvəllər çəkilib və Uroş “Qarabağ”la müqaviləyə imza atandan sonra ortaya çıxdı. Ona qalsa, vaxtilə hansısa erməni futbolçu ilə komanda yoldaşı olmuş oyunçular da Azərbaycan çempionatında çıxış edib. Onda o məsələni də ictimai qınaq mənbəyinə çevirəydik? Uroş “Qarabağ”da oynadığı vaxt belə şəkil çəkdirsəydi, o zaman ictimai qınaq olardı. Həmin şəkli paylaşıb, məsələni ictimailəşdirməyə çalışanların da çoxu idman səhifələridi. Məncə, əksəriyyəti sırf reytinq qazanmaq üçün edir”.

Digər Xəbərlər
Xəbər Lenti