Tomas Doll: "İlk yarıdakı oyuna görə futbolçular üzrxahlıq etdi"

8 Noyabr 2019 00:43 Qarabağ 532
Tomas Doll: "İlk yarıdakı oyuna görə futbolçular üzrxahlıq etdi"

"Futbolçularım adına şadam. Çünki biz 0:1 hesabı ilə məğlub durumda olduqdan sonra iki qol vurduq. Sizinlə başqa şeylər haqda danışmaq istəmirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis “Qarabağ” üzərindəki qələbə barədə bu cür danışıb: "Biz üç dəfə “Qarabağ”la oynamışıq. APOEL-in baş məşqçi postuna gələndə isə komanda sonuncu dəfə "Qarabağ"a 1:2 uduzmuşdu. İndi isə bizim onlar üzərində iki qələbəmiz, bir bərabərliyimiz var. Biz daha yaxşı oynaya bilərik. Məğlub durumda olduqdan sonra sanki oyandıq və iki qol vurduq. Gəlin pozitiv şeylərdən danışaq. “Borussiya”(Dortmund) “İnter”ə 0:2 uduzurdu, amma sonda qalib gəldi. Mən futbolçularıma görə şadam. Hazırda Kipri Avropada təmsil edən yeganə komandayıq. Həqiqətən də çətin qrupda yer almışıq. Futbolçularım mənə inanır. Onlar meydanda ürəklə oynadılar, xarakter göstərdilər. Qələbəyə tam layiq idik. Qapıçımız da yaxşı çıxış etdi, futbolçularımın cəsur oyunu məni sevindirdi. 60 dəqiqə ərzində rəqib çox epizod əldə etdi. Paltardəyişmə otağında Lukas və bir neçə oyunçu mənə yaxınlaşdı və ilk yarıdakı oyuna, çox top itkilərinə görə üzrxahlıq etdi. Futbolçularımın nə qədər dürüst olduğunu gördüm. Komandamızda heç kəs səhvini ört-basır etməyə, məsuliyyəti üstündən atmağa çalışmır. İlk yarıda pis oynadığımızı bilirəm. Amma hər şey yaxşıdır, çünki qalib gəldik. Düzgün qərarlar verdik, buna görə şadam".

"Nəhayət ki, biz sistemdən yox, başqa məsələdən danışırıq. Matiçin komandaya kömək etməsi fikriylə razıyam. O, hər oyun 13-14 kilometr qaçır. Unutmayaq ki, komandamıza gələn oyunçuların çoxu əvvəlki komandalarında çox da oynamırdı. Komanda texniki səhvlər etdi, amma onlarda özlərinə inam və döyüşkənlik gördüm. İşimiz çətindir, amma düzgün yoldayıq" deyə, Doll fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti