Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Vestri” – “Qarabağ” matçının hakim təyinatları müəyyənləşib.
Bu gecə paytaxt Reykyavikdəki “Trouttarvöllur” stadionunda keçiriləcək cavab qarşılaşması Çexiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Marek Radina olacaq. Ona yan xətt hakimləri Kamil Hayek və Petr Kotalik kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək.
33 yaşlı Marek hakimliklə məşğul olsa da, ixtisasca ingilis dili müəllimidir. Çexiyanın yüksək dəstə oyunlarına 2023-cü ildən təyinat alır. Maraqlıdır ki, elə həmin ildən də yaxasında FİFA-nın emblemini daşıyaraq beynəlxalq matçlarda fit çalır.
Radinanın zəngin təcrübəyə malik olmamasına baxmayaraq, qısa müddətdə beynəlxalq matçlara kifayət qədər təyinat alıb.
U-17, U-19 və U-21 millilərinin rəsmi və yoxlama matçlarında iş başında olub ki, 2024-cü ildə yığmamızın qarşılaşmasında meydanda yaşananlara nəzarət edib.
2024-cü ilin iyunun 7-də Slovakiyaya meydan sahibləri ilə sınaq matçında üz-üzə gələn U-21 millimiz oyunu 2:3 hesablı yenilgi ilə başa vuranda, çexiyalı hakim bizimkilərin məğlubiyyətinə canlı şahidlik edib.
Avrokubok təcrübəsi 6 görüşdən ibarətdir. 3 dəfə Konfrans, 2 dəfə Avropa Liqasının təsnifat mərhələsində fit çalıb. Ötən ilin dekabrında isə Konfrans Liqasının əsas mərhələsində “Şemrok Rovers” – “Hamrun Spartans” dueli ona həvalə olunub.
Bu gecə keçiriləcək “Vestri” – “Qarabağ” görüşünün start fiti saat 00:00-da çalınacaq.
İlk oyunda “köhlən atlar” 3:0 hesabı ilə qələbə qazanıb.
HƏBİB

