“Özünüz də görürsünüz, dünya futbolunda hər cür sürprizlər qeydə alınır, gözləmədiyin nəticələr olur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Vestri”nin yarımmüdafiəçisi Sergine Fall deyib.
Ötən həftə Avropa Liqasının 1-ci mərhələsində qarşılaşan “Qarabağ”la “Vestri”nin duelində təmsilçimiz 3:0 hesablı qələbəyə sevinmişdi.
Komandalar bu dəfə İslandiyada üz-üzə gələcək.
Ölkə kubokunun son qalibinin aparıcı simalarından olan 32 yaşlı futbolçu “köhlən atlar”ı məğlub etməyin yolunu göstərib:
“Bəli, büdcə, təcrübə və keyfiyyət baxımından “Qarabağ” üstündür, “Qarabağ” kimi rəqibi məğlub etmək asan deyil. Lakin mümkünsüz də görünməməlidir.
İlk oyunda rəqibi tanıdıq, hansı məqamda səhvlərə yol verdiyimizi gördük. Cavab qarşılaşmasında səhvləri təkrarlamamalıyıq. İstəkli və döyüşkən olmalıyıq.
Meydana ayaq basanda özümüzü qəhrəman kimi hiss etməliyik, məğlub olmuş komanda kimi yox. Bunu etməklə sürprizə imza ata bilərik.
Hava şəraitinin, yaxud süni örtüyün xeyrimizə işləyəcəyini deməzdim. “Qarabağ” belə hallarla dəfələrlə rastlaşıb, təcrübəsi var, nə etmək lazım gəldiyini bilir. Dediyim kimi, qəhrəmanlar kimi mübarizə aparmalıyıq”.
Cavab görüşü iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.
HƏBİB

