«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Şahruddin Məhəmmədəliyevlə əlaqəli son qərarı məlum olub.
Təcrübəli mütəxəssis iki il öncə «Adana Demirspor»dan geri qayıdan qapıçını düşərgədə saxlamağa qərar verib.
Bu barədə klubdan saytımıza bildirilib.
Məlumatda qeyd olunub ki, 32 yaşlı kiperlə müqavilə 1 il müddətinə uzadılıb.
Onun yenidən əsas heyətə dönməsi isə özündən asılıdır. «Şah» ləqəbli «əlcək sahibi» bunun üçün Mateuş Koxalski və Martin Zlomisliç ilə gərgin rəqabət aparmalı olacaq.
Ağdam təmsilçisi bu yay həmçinin Pedro Bikalyo və Bədavi Hüseynovla kontraktı yeniləyib.
Braziliyalı yarımmüdafiəçi ilə sözləşmə 2029-cu ilin yayınadək uzadılıbsa, Dağıstan kökənli müdafiəçi 2027-ci ilin yayınadək «köhlən atlar»ın formasını geyinəcək.
Son ayyarımda düşərgəyə yeni qədəm basanlara gəlincə, onların sayı 8-dir.
Zakaria Savo ("Aris" Kipr), Jali Muaddib (“Omoniya Aradippou", Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan) və Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan) Premyer Liqanın vitse-çempionu ilə anlaşanların siyahısını təşkil edir.
SPORTİNFO.AZ

