“Qarabağ” - uğurun və iqtisadi inkişafın carçısı– 100 milyon manat!

22:20 Qarabağ 214
“Qarabağ” - uğurun və iqtisadi inkişafın carçısı– 100 milyon manat!

2025/26 mövsümü “Qarabağ”ın tarixinə qızıl hərflərlə yazıldı.

Düzdür, komanda titul qazana bilmədi. Həm Premyer Liqada, həm də Azərbaycan kubokunda “Sabah” əsas rəqibini üstələdi.

Əvəzində, Azərbaycan futbolu üçün möcüzə kimi görünən hadisələr baş verdi.

“Köhlən atlar” 8 illik aradan sonra yenidən Çempionlar Liqasının qrup mərhələsinə (indiki adı Liqa mərhələsi – H.) yüksəldi, 8 oyunun 3-də qələbə qazanıb, 1 –də heç-heçə etməklə 36 komanda arasında 22-ci pilləni tutub pley-off mərhələsinə vəsiqə qazandı.

Təəssüf ki, pley-offda İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl” səddini keçmək mümkün olmadı.

“Qarabağ” uğurlu çıxış etməklə yanaşı, büdcəsini zənginləşdirdi.

Liqa mərhələsinə vəsiqəyə görə 18,62 milyon, Liqa mərhələsindəki 3 qələbəyə görə 6,3 milyon, heç-heçəyə görə 700 min, Liqa cədvəlində tutduğu yerə görə 4,25 milyon, pley-off mərhələsinə yüksəldiyinə görə 700 min avro gəlir əldə etdi. Yəni 30,75 milyon avro, başqa cür desək, təxminən 60 milyon manat.

Bundan əlavə, mövsüm başa çatdıqdan sonra UEFA “value pillar” (TV bazarı və klub əmsalı üzrə) yekun hesablamalar da edir. Bu ödənişləri də əlavə etdikdə, “Qarabağ”ın Çempionlar Liqasındakı ümumi qazancı 40 milyon avroya çatır. Təxminən 80 milyon manat.

Ötən ilin yayından bu yana “Qarabağ” həm də rekord sayda futbolçu satmaqla büdcəsini zənginləşdirdi.

İlin əvvəlində Nəriman Axundzadənin “Kolombus Kryu”ya transferinə görə ABŞ klubu Ağdam təmsilçisinə 2,5 milyon avro (təxminən 5 milyon manat) ödəmişdi (ünlü “transfermarkt” saytında göstərilən rəqəmdir, əksər vaxtlarda özünü doğruldur – H.).

Toral Bayramovun “Bursaspor”a keçidinə görə müxtəlif rəqəmlər səsləndirilsə də, bursalıların 700 min avro ödəməsi daha inandırıcı görünür. Bu isə təxminən 1,4 milyon manatdır.

Leandro Andradenin bu gün “Polissye”nin (Ukrayna) sıralarında olmasına görə “Qarabağ”ın 3,5 milyon avro (təxminən 7 milyon manat) qazanc əldə etməsi kifayət qədər inandırıcı görünür.

Və ilin transfer “bomba”sı – Kamilo Duranın “Seltik”lə müqavilə bağlaması. Mətbuatda yer alan məlumatlara görə, “köhlən atlar” kolumbiyalı forvardı Şotlandiya nəhənginə 3,5 milyon avroya satıb (təxminən 7 milyon manat). Lakin müqavilədə nəzərdə tutulan bonusların hamısı reallaşsa, transferin ümumi məbləği 7 milyon avroya (14 milyon manata) çata bilər.

Beləliklə, “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı və özünü yaxşı tərəfdən göstərən futbolçuların sayəsində klub 1 il ərzində 100 milyon manat qazanc əldə etdi.

Bu, Azərbaycan futbolu və dövləti adına sadəcə fantastikadır.

“Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı və futbolçu transferlərindən əldə etdiyi təxminən 100 milyon manatlıq gəlir təkcə klub üçün deyil, bütövlükdə Azərbaycan futbolu və dövlətimiz adına qürurverici nailiyyətdir.

Məlum uğur göstərir ki, düzgün idarəçilik və davamlı inkişaf sayəsində klublarımız beynəlxalq arenalarda həm idman, həm də iqtisadi baxımdan mühüm nəticələr qazana bilər.

“Qarabağ”, sağ əlin digər klublarımızın başına!

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti