“Hələ heç nə etməmişik. Sadəcə ilk oyunda qələbə qazanmışıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Vestri” ilə cavab oyunu barədə danışan Bense Varkonyi deyib.
Ötən həftə Avropa Liqasının 1-ci mərhələsinin ilk oyunları çərçivəsində Bakıda baş tutan ilk qarşılaşmada “Qarabağ” İslandiyadan olan rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacarmışdı.
Növbəti oyun səfərdə baş tutacaq ki, yol yorğunluğu, fərqli iqlim və süni örtük amili meydan sahiblərinin xeyrinə işləyə bilər.
“Köhlən atlar”ın macarıstanlı müdafiəçisi bu və digər amillərin komandasına mane olmamalı olduğunu düşünür:
“Bəli, dediyiniz amillər “Vestri”yə müəyyən üstünlük qazandırır. Lakin biz bunları göz önünə gətirməməliyik. Peşəkar futbolçularıq və istənilən şərtlər altında oynamağa hazır olmalıyıq.
Bakıda necə oynamışdıqsa, İslandiyada davamını gətirməliyik. 90 dəqiqə dominant tərəf olmaqla lazım olan qolları vurub növbəti qələbəni bayram edəcəyimizə inanıram. Çünki “Qarabağ”ın bunu etməyə gücü çatır”.
Komandalar arasında cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.
HƏBİB

