“Qarabağ” iyulun 1-də keçirdiyi hər iki yoxlama matçını məğlub başa vurdu.
Buna qədər “Zirə”ni 4:3, “Tirol”u (Avstriya) 4:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi ayın ilk günüdəki ilk oyunda “Metallist Xarkov” (Ukrayna) 2:6, digər qarşılaşmada “Ferentsvaroş”a (Macarıstan) 0:1 hesabı ilə uduzdu.
Ukraynalılarla görüşdə əsasən ehtiyat qüvvə meydana çıxdığından, oyun və nəticə ciddi əhəmiyyət kəsb etmirdi. Lakin “Ferentsvaroş”la oyun bugünkü “Qarabağ”ın nəyə qadir olduğunu görməyimizə imkan yaratdı.
Qapı, yarımmüdafiə və hücum xətti ilə bağlı ciddi nöqsanların olduğunu demək çətindir. “Köhlən atlar” ələ düşən imkanları qola çevirə bilsəydi, meydanı qalib tərk edəcəkdi. Yəni xətlərarası əlaqə və hücum etmək faizi nisbətən yenilənmiş komanda üçün normaldır.
Təəssüf ki, eyni sözləri müdafiə adına deyə bilməyəcəyik.
Kevin Medinanın gedişi, Bəhlul Mustafazadənin zədələnməsi, Mateus Silvanın məcburiyyətdən mərkəzə çəkilməsi, Bruno Lanqanın komandada yeni olması rəqibin hücumları zamanı açıq-aşkar hiss olunurdu.
Düzdür, Bədavi təcrübəsi hesabına nəsə etməyə çalışırdı. Lakin təcrübə ən yaxşı halda bir mərhələnin keçilməsinə imkan verə bilər. Rəqiblər ağırlaşdıqca, Hüseynovun vəziyyəti də ağırlaşacaq.
Mateus Silva stoper kimi pis təsir bağışlamır. Di gəl, mərkəzdə oynaması müdafiənin sağında boşluqlara yol açır. Dani Bolt sürətli və əzmkarlığı ilə seçilməsinə baxmayaraq, Mateusdan açıq-aşkar geri qalır. “Qarabağ” Avropa Liqasının qrup mərhələsini arzulayırsa, Silvanı cinaha çəkmək mütləqdir.
Lanqanın cinahlardakı reydləri və fiziki cəhətdən hazırlıqlı görünməsi “Qarabağ”a fayda verəcək. Ancaq bu gün Çempionlar Liqasında görməyə alışdığımız Elvin Cəfərquliyev qədər faydalı deyil. Abdullah Zubirlə anlaşma planında “axsadığı” hiss olunur.
“Vestri” ilə matçları “Ferentsvaroş”a qarşı oynayan müdafiəçilərlə ötüşdürmək olar. Ancaq söhbət növbəti mərhələlərdə uğurlu çıxışdan gedirsə, ən yaxın zamanda mərkəz müdafiəçisi transfer olunmalıdır.
“Qarabağ” rəqib futbolçuların qol vurmaq istəyini boşa çıxarmaq üçün müdafiənin cinahlarını Mateus Silva ilə Bruno Lanqaya (Elvin Cəfərquliyev də ola bilər), mərkəzini isə Bəhlulla yanaşı yeni stoperə tapşırmalıdır.
“Köhlən atlar” üçün ən ideal müdafiə modeli budur.
HƏBİB / SPORTİNFO.AZ

