Bu günə qədər “Qarabağ”dan çox futbolçular ayrılıb.
Ansi Aqolli, Miçel, Reynaldo, Riçard Almeyda, Juninyo, Kevin Medina – hər biri klubun tarixində xüsusi iz qoyub gedib.
Lakin Leandro Andradenin yola salınması...
Açığı, ilk dəfədir belə mənzərənin şahidi oluruq. Klub və komanda işçiləri, məşqçilər, futbolçu yoldaşları, azarkeşlər, hamı onun gedişinə üzülür.
Xarakterinə və davranışlarına görə hər kəsin könlünə yol tapan Leonun Ukrayna klubu “Polissye”yə yollanması sosial şəbəkələrdə sanki matəm ab-havası yaradıb.
Əksəriyyət Andradenin adına üzülür, ayrılığı ilə barışa bilmirlər.
Leo ilə “Qarabağ”da çiyin-çiyinə oynamış futbolçu yoldaşları da ona dəstək nümayiş etdirib. Səbəbkarın sosial şəbəkə hesabında “Qarabağ”dan gedişi ilə bağlı etdiyi paylaşımın rəy bölməsində az qala bütün futbolçular şərh yazaraq, ona müxtəlif formada uğurlar arzulayıb.
Hansısa futbolçunun bu şəkildə yola salındığını da xatırlamaq, açığı, çətindir.
Olavio Juninyo: “Allah səni qorusun, qardaşım”.
Kamilo Duran: “Allah sənə xeyir versin, qardaşım. Biz birlikdəyik!”
Patrik Andrade: “Getdik, balaca”.
Kadi Borges: “Uğurlar, oğlan. Getdiyin yol uğurla dolsun”.
Joni Montiel: “Sən bütün cəhətlərinlə hər şeyin ən yaxşısına layiqsən. Yolun açıq olsun”.
Fabyan Buntiç: “Uğur olsun, Tavira”.
Mateus Silva: “Allah getdiyin yeni yolu xeyirli etsin, qardaşım”.
Pedro Bikalyo: “Oynamaqda davam et. Allah səni qorusun”.
Musa Qurbanlı: “Əla insan, əla futbolçu. Sənə hər şeyin ən yaxşısını arzu edirəm. Uğurlar, qardaşım”.
Aleksey Kaşuk: “Necə də gözəl insan, necə də gözəl futbolçu. Hər şeyin ən yaxşısını arzulayıram, qardaş”.
İbrahima Vadji: “Uğurlar, qardaş”.
Leandro Andrade 2022-ci ilin yanvar ayından formasını geyindiyi “Qarabağ”da 213 matçda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ

