Avropadan təklif gözləyən Cəfərquliyevə kimlər qucaq açdı? - BU DA HƏQİQƏTİN İÇ ÜZÜ

16:05 Qarabağ 508
Avropadan təklif gözləyən Cəfərquliyevə kimlər qucaq açdı? - BU DA HƏQİQƏTİN İÇ ÜZÜ

Elvin Cəfərquliyev Azərbaycan futbolunda son illər üzə çıxan ən istedadlı oyunçulardan biridir.

Hələ ötən mövsümün gedişində onun adı müxtəlif klublarla hallanırdı. Amma yayda ölkə xaricinə transferi baş tutmadı.

Buna görə oyunçunu buraxmadığı üçün klubu qınayanlar, legioner həyatı yaşamağa cəhd etmədiyi üçün Elvini tənqid edənlər az olmadı.

Hələ onda deyirdik ki, hər deyilənə inanmaq lazım deyil.

Avropadan hansısa klubun nümayəndəsinin bir menecerdən Elvin barədə soruşması təklif demək deyil.

Oyunçunun xidmətində ciddi maraqlı olan klub ilk növbədə "Qarabağ"a rəsmi müraciət edərdi.

Ortada isə belə bir təklif yox idi.

Ən azı klub rəhbərliyi dəfələrlə açıqlamalarında Cəfərquliyevə görə rəsmi təklif almadıqlarını bildirmişdi.

Bu mövsümün sonunda baş verənlər isə müdafiəçinin ətrafındakı transfer söhbətlərinin böyük hissəsinin sadəcə şayiə olduğunu göstərdi.

Futbolçu aprel ayında intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərildi.

Təxminən iki ay qadağa qüvvədə qaldı. Sol cinah müdafiəçisi "Qarabağ"a lazım deyildi, Elvin də getmək istəyirdi.

Hətta klub rəsmiləri açıqlamalarında onunla bağlı təkliflərə açıq olduqlarını bildirmişdilər.
Amma iki ay ərzində onunla ciddi maraqlanan bir klub belə ortaya çıxmadı.

İndi sual yaranır - klub mane olmurdu, futbolçu legioner həyatı yaşamaq istəyirdi, bəs həmin israrlı elçilər harada idi?

Sonda yenə də millimizin üzvünə Qurban Qurbanov və yığmanın baş məşqçisi Ayxan Abbasov sahib çıxdı.

Daha bir neçə ay ikinci komandada qalmaq 25 yaşlı futbolçunun karyerasına ciddi zərbə vura bilərdi.

Abbasov ən çətin dönəmdə yığmanın qapısını onun üzünə açdı. Əsas komandadan uzaq düşən, optimal formasından xeyli kənarda qalan Elvini nəinki toplanışa dəvət etdi, hətta ona əsas heyət üzvü kimi baxdığını göstərdi.

Təbii ki, bu qərarın arxasında futbolçuya psixoloji dəstək olmaq və onu yenidən böyük vitrinə qaytarmaq niyyəti də var idi.

Bəlkə də bu addımın təsiri oldu ki, ardınca Qurbanov onu Avstriya toplanışına apardı.

İndi isə söz Cəfərquliyevdədir.

O özü də gördü ki, hər gün bir ölkədən təklif gətirənlərin danışdıqları reallıqdan çox uzaq imiş.

Çətin anda yanında dayananlar yenə Qurbanov və Abbasov oldu.

Bu iki mütəxəssisin jestinə ən yaxşı cavab isə ikiqat əzmlə çalışmaq və əvvəlkindən də güclü Elvin kimi qayıtmaq olardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti