Qurban Qurbanovun "Qarabağ"dakı uğuru Avropadakı nəticələri ilə məhdudlaşmır.
Təcrübəli mütəxəssis arxada qalan 20 ilə yaxın müddətdə bir çox legionerin karyerasındakı yüksəlişin əsas memarıdır.
Leandro Andrade sadəcə həmin geniş siyahının sonuncu məzunudur.
Kabo-Verdeli yarımmüdafiəçi 2022-ci ilin yanvarında Bolqarıstandan ölkəmizə gələndə dəyəri 450 min avro idi.
"Atlılar" onun keçidi üçün 250 min avro xərcləmişdi.
Peşəkar klub karyerasında cəmi 48 oyun keçirmişdi. Bu oyunlarda vur-tut 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalmışdı.
4 ildə Qurbanov onu o qədər böyütdü ki...
İlk uğuru qısa müddətdə milli komandasına dəvət almaq oldu. 7 qarşılaşmada forma geyindiyi ölkəsinin yığmasından bir müddət əvvəl klub karyerasını düşündüyünü bildirərək özü imtina etdi.
Və klub karyerası da pis alınmadı.
"Qarabağ" formasında meydana çıxdığı 213 görüşdə 60 dəfə fərqləndi.
61 qolun isə məhsuldar ötürməsini verdi.
Çempionlar Liqasının həyəcanını yaşadı. Liqa mərhələsində keçirdiyi 9 qarşılaşmada 3 qol, 1 asistlə yadda qaldı.
Bir yarımmüdafiəçi üçün fantastik statistikadır.
Ən əsası dəyəri 450 min avrodan 3.5 milyon avroya qalxdı.
Andrade də parladığı "Qarabağ"a borclu qalmadı.
250 min avro qarşılığında gəldiyi kluba 6 milyon manata yaxın pul qazandıraraq getdi.
Bir sözlə, Qurban Qurbanov meydanda futbolçunun potensialından maksimum yararlandı, Andrade isə öz növbəsində "Qarabağ"a həm nəticələri, həm də transfer qazancı ilə böyük töhfə verdi.
XANOĞLAN / SPORTİNFO.AZ

