İyunun 19-da özəl olaraq yaydığımız xəbər rəsmi təsdiqini tapdı.
2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan Leandro Andrade Azərbaycanı tərk etdi.
Yarımmüdafiəçi sərfəli maliyyə şərtləri qarşılığında karyerasını Ukraynada davam etdirəcək ki, o, “Polissye” ilə razılaşıb.
Məlum transferin qarşılığında “Polissye” 26 yaşlı futbolçuya illik 1 milyon avro olmaqla 3 milyon avro təklif edib. “Qarabağ”a isə təxminən bu məbləğdə təzminat ödəyəcək.
Ağdam təmsilçisinin rəsmi səhifələri vasitəsi ilə yaydığı məlumat izləyiciləri sözün əsl mənasında şoka salıb.
Kevin Medinanın ardınca daha bir əsas heyət üzvünün “Qarabağ”dan ayrılması azarkeşlərin təəssüfünə səbəb olub.
Şərhlərin bir qismini təqdim edirik:
“Bu da belə. Qorxduğumuz başımıza gəldi”.
“Günü acı xəbərlə açdıq. “Qarabağ”da ilk futbolçudur ki, onun gedişinə bu qədər adam üzülür. Yolun açıq olsun, Leo”.
“Transferlərə sevindik. Sevincimizi ürəyimizdə qoydunuz. Medina, indi də Leo”.
“Ay da, Leo da getdi? Heyif səndən, “qızıl oğlan”.
“Bu gediş olmamalıydı. Onun yerini kim dolduracaq? Heç kim!”
“Bu da son. “Qarabağ” dağıldı”.
“Neçə gündür gözlərimiz Leonu axtarırdı. Bir həftədir Ukrayna mətbuatı yazırdı, amma inanmaq istəmirdik. Yerin görünəcək, Leo”.
“Niyə axı, niyə? Leo getməli deyildi. Maaşını bir az artırsaydınız, getməyəcəkdi. Juninyo ilə Medinadan sonra gedişinə ən çox üzüldüyüm futbolçu”.
“Rəqiblərin qənimi, azarkeşlərin sevimlisi, sənin üçün darıxacağıq. Kaş getməzdin”.
“Bu nə şok xəbərdir belə? Adamın inanmağı gəlmir”.
“Uğurlar sənə, “qızıl oğlan”. Sənin “Qarabağ”dakı yerin bir başqa idi. Ancaq düşünəndə ki, 3 milyon qazanacaqsan, adam deməyə söz tapmır”.
Andrade “Qarabağ”ın formasını geyindiyi 4,5 il ərzində bütün turnirlərdə 213 oyunda şans qazanmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ

