“Qarabağ”ın yeni transferinin əsas problemi – 43 qol, 17 assist

20:00 Qarabağ 342
“Qarabağ”ın yeni transferinin əsas problemi – 43 qol, 17 assist

“Qarabağ” yay fasiləsində altıncı transferini rəsməən açıqladı.

Sonuncu iş yeri Rusiyanın Premyer Liqasında mübarizə aparan Nijnıy Novqorod təmsilçisi “Pari” olan Renaldo Sefas bundan sonra “köhlən atlar”ın şərəfini qoruyacaq.

1999-cu ilin dekabr ayında dünyaya gələn Renaldo peşəkar səviyyədə ilk müqaviləsini 19 yaşında vətəni Yamaykanın “Arnett Qardens” klubu ilə bağlayıb.

Burada olduğu 3 il ərzində 37 oyunda meydana çıxmaqla özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Vurduğu 12 qolla Avropaya yolu açılıb.

2022-ci ildə Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə anlaşıb. Skopye təmsilçisində çıxış etdiyi 1 il ərzində məhsuldarlığı ilə seçilib. Çempionatda 29 oyunda 12 qol və 6 assistlə yadda qalıb, avrokuboklarda meydana çıxdığı 11 matçda 5 qolla fərqlənib.

Göstərdiyi məhsuldarlıqla Türkiyə Super Liqasında yarışan “Ankaragücü”nün diqqətini çəkib. 2023/24 mövsümündə Super Liqada 31 görüşdə 3 qol vurub, 3 məhsuldar ötürmə verib. Türkiyə kubokunda isə 4 oyunda meydana çıxıb.

“Ankaragücü”nün elita ilə vidalaşmasından sonra növbəti mövsümü Birinci Liqada keçirən yamaykalı burada da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Çempionatda 27 matçda 8 qol və 5 assistlə fərqlənən vinger ölkə kubokunda 5 qarşılaşmada aktivinə 3 qol yazdırıb.

Ötən ilin yayında Rusiyaya üz tutaraq “Pari” ilə 3 illik sözləşməyə imza atıb. Premyer Liqada 25 görüşdə 1 qol vurub, 3 qolun ötürməsini versə də, ölkə kubokunda 4 oyunda məhsuldarlıq göstərə bilməyib.

Universallığı ilə seçilən Sefas karyerası boyunca 72 oyunda sol cinah vingeri kimi şans qazanıb. 40 matçda sağ cinah vingeri, 25 dəfə hücumçu kimi meydana çıxan “Qarabağ”ın yeni transferi 1 dəfə ikinci hücumçu kimi mübarizə aparıb.

Dörd klubda ümumilikdə 173 dəfə meydanda olmaqla 43 qol vurub, 17 assist edib.

Renaldonun əsas üstünlüyü sürəti və texniki imkanlarıdır. Təkbətək mübarizələrdə kifayət qədər təhlükəli görünən futbolçu cinah reydləri ilə rəqiblərini çaş-baş salmağı bacarır.

İşlək ayağı sol olsa da, çətin anlarda sağ ayağını da işə salır. Xüsusən əks-hücumlarda təhlükəlidir. Xəsis deyil, əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə verməyi xoşlayır.

Əsas çatışmazlığı qapıya zərbələrlə, daha dəqiq desək, dəqiqliklə bağlıdır. Məsələn, özü üçün 10 əlverişli vəziyyət yaradırsa, onun yarısından çoxunu qeyri-dəqiq zərbələrlə boşa verir. “Çərçivə”ni dəqiq nişan ala blməməsi əsas problemidir. Bu mənada Emmanuel Addaini xatırladır.

Qurban Qurbanovun futbol fəlsəfəsinə bələd olduğumuzdan, Renaldonun “Qarabağ”ın işinə yarayacağını deyə bilərik. Sağ cinahda Leandro Andradenin boşluğunu doldura, eyni zamanda əks cinahda Abdullah Zubiri əvəz edə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti