Gedənlər qorxutdu, amma... - "Qarabağ"dakı ayrılıqların ANALİZİ

22:20 Qarabağ 218
Gedənlər qorxutdu, amma... - "Qarabağ"dakı ayrılıqların ANALİZİ

"Qarabağ" qabıq dəyişir.

Qurban Qurbanov dövründə ilk dəfə bu qədər geniş çapda yenilənmə gedir.

Təbii ki, narahatlıq yox deyil.

Ki, yenilənmiş "Qarabağ" necə olacaq?

Artıq 6 transfer - Zakaria Savo, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas rəsmi olaraq elan edilib.

Gələnlər barədə indidən nəsə demək çətindir. Ən azı yoxlama görüşlərini gözləmək məcburiyyətindəyik.

Amma gedən adları saf-çürük etmək olar.

Siyahıda Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç və Amin Ramazanov var. Leandro Andrade də yol üstündədir.

Şeydayev, Ramazanov, Buntiç və Mmae barədə danışmağa dəyməz. Varlıqları ilə yoxluqları arasında ciddi fərq yoxdur.

Toral Bayramovun yaşı azdı. Müəyyən oyunlarda ehtiyatdan oyuna daxil olub az kömək etməyib. Üniversal olması işə yarayırdı. Amma son mövsümü bərbad keçirdi. Xüsusilə ailə qurandan sonra oyununda ciddi eniş yaşandı. "Sabah"la son dueldə Aron Maludanın qarşısındakı acizliyi bütün sualların cavabıdır.

Emmanuel Addainin gedişi çox müzakirə olundu. Hətta klub qınandı. Açığı, bunu başa düşə bilmədim. Niyə? Həmin Addaini söyən azarkeşlər deyildi? Adamda hər şey vardı, amma heç nə yox idi. Qaçırdığı imkanlar, havaya uçurduğu topları say-say bitməz. "Kopenhagen"ə vurulan 1 qola görə onu göyün yeddinci qatına qaldırmağa dəyməz.

Hə, bir də Kevin Medina.

Kolumbiyalı həqiqətən Ağdam klubda çox iş görüb. Son illər müdafiənin dirəyinə çevrilmişdi. Uğurlarda böyük pay sahibidir. Amma bitmişdi. 34 yaşında olması aşkar sezilirdi. Başa çatan mövsüm əsas rəqib "Sabah"la bütün görüşlərdə ciddi xətaları ilə yadda qaldı. Ən azı 2 oyundakı məğlubiyyətdə birbaşa günahkar idi. Azarkeş kritik müdaxilələrinə fokuslanıb, xətalarını gözdən qaçırır.

Bəlkə də çoxu təəccüblənəcək, amma azca analiz edən istənilən şəxs başa çatan mövsümün ən zəif bəndlərindən birinin Medina olduğunu görər.

Yalnız Leandro Andradenin gedişi ciddi itki hesab oluna bilər. "15 nömrə" hazırkı "Qarabağ"ın açar oyunçularından biri idi. Qazanılan topların rəqib qapısına sürətli çatdırılmasında inanılmaz rol oynayırdı. Vuran ayağı da unudulmamalıdır. Təkcə Çempionlar Liqasında keçirdiyi 15 görüşdə 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi üçün əla göstəricidir.

Klubuna təxminən 5 milyon manat qazandıracağını nəzərə alsaq, onun da gedişini normal qarşılamaq olar.

Gördüyünüz kimi, gedənlərin sayı qorxu yartsa da, birə-bir analiz edəndə yalnız Andrade xaric digərlərinin gedişinin ciddi itki olmadığı aydın görünür.

İndi qalır gələnlərin öz sözünü meydanda deməsi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti