“Qarabağ”da kütləvi dəyişikliklərin hansı nəticə verəcəyini zaman göstərəcək.
Fakt budur ki, illərdir komandanın aparıcı simaları olan, qazanılan uğurlara imzasını yazdıran futbolçuların bir neçəsi komandanı tərk edib və ya etmək üzrədir.
Kevin Medina, Toral Bayramov, Leandro Andradenin (yaxın günlərdə o da aydılacaq – H.) ölkə xaricindən aldığı təkliflərə “yox” deyə bilməməsi, digər bir neçə nəfərin də getmək barədə düşünməsi futbol ictimaiyyətində suallar yaradıb?
Qurban Qurbanov “Qarabağ”ı dəyişir? Futbolçular xaricdən aldıqları sərfəli təkliflərə arxa çevirə bilmir? Olmaya klub-komanda daxilində hansısa problemlər yaşanır?
“Köhlən atlar”ın kapitanı Abdullah Zubir mövzu ilə bağlı Sportinfo.az-a danışıb:
“Hər futbolçunun özünə görə düşüncəsi, işə yanaşması və gələcək üçün qurduğu planları var. Ona görə də dəqiq fikir demək çətindir.
Ötən mövsüm Çempionlar Liqasında uğurlu çıxış etdiyimizə görə hər birimiz müxtəlif klublardan təkliflər almışdıq. Çünki Avropanın diqqəti bu turnirdə olur.
Kimsə təkliflərə isti yanaşdı, kimisi “Qarabağ”da qalmağı üstün tutdu. Daxildə hansısa problem olsaydı, heç kim qalmazdı, hamı gedərdi.
Səmimiyyətimə inanın, heç bir problem yoxdur, həmişə necə olub, bu gün də elədir.
Yenə deyirəm, ayrı-ayrı futbolçuların seçimləri barədə fikir yürütmək çətindir. Hər kəs seçimində azaddır”.
“Qarabağ” yay fasiləsində Sami Mmaee, Ramil Şeydayev, Emmanuel Addai, Toral Bayramov, Kevin Medina, Fabyan Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
Komandanın yeni transferləri Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliçdir.
HƏBİB

