2026/27 mövsümünün qeyri-rəsmi açılış matçı “Qarabağ”la “Zirə” arasında baş tutdu.
Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalarımızı iş başında görmək maraq doğurmaya bilməzdi.
Həm heyətlərlə yaxından tamış olmaq, həm yeni transferlərin bacarığının canlı şahidi olmaq, həm də baş məşqçilərin fikirlərini öyrənmək sarıdan “Azersun Arena”ya baş çəkmək mütləq idi.
Bəribaşdan qeyd edək ki, iki komanda arasındakı razılaşmata əsasən oyun 2 saat, yəni hər biri 30 dəqiqədən ibarət 4 hissə nəzərdə tutulmuşdu. Futboklçuların yorğunluq fonundakı hazırlığına bələd olmaq prioritet idisə, digər məqam gənclərə şans vermək, onların nəyə qadır olduğunu görmək idi.
Əsas heyət üzvlərinin mübarizə apardığı ilk hissənin kifayət qədər gərgin və maraqlı alındığı deməliyik. Hər iki baş məşqçi – Qurban Qurbanovla Rəşad Sadıqov aparıcı futbolçulara şans verməklə meydana ideal “11-lik” buraxmışdı.
Mateuş Koxalski Polşa millisindəki iştiraka görə düşərgəyə gec qoşulduğundan baş məşqçi ona istirahət vermişdi. Belədə “Qarabağ”ın qapısını Şahruddin Məhəmmədəliyev qoruyurdu.
Müdafiənin solunda Ceremi Qnali, sağında Dani Bolt yer almışdısa, Kevin Medinanın ayrılığı, Bəhlul Mustafazadənin ayağında ağrılar hiss etməsinə görə, stoper mövqeyində Matus Silva ilə gənc Məhəmməd İmaməliyev oynayırdı. Maraq üçün bildirək ki, Məhəmməd Azərbaycan millisinin sabiq üzvü Emin İmaməliyevin oğlu deyil. Sadəcə nadir eşidilən soyadları eynidir.
Pedro Bikalyo həmişəki kimi dağıdıcılıqla məşğul idi. Kadi Borges “8 nömrə”, Abdullah Zubir kürəyində daşığı rəqəmə uyğun – “10 nömrə” funksiyasını icra edirdi. Yarımmüdafiənin sağı Jali Muaddibə, solu Kamilo Durana həvalə olunmuşdu. Hücumda yay fasiləsində heyətə cəlb olunan Zakaria Savo mübarizə aparırdı.
“Zirə”yə gəlincə, “çərçivə”ni Aydın Bayramov qoruyurdu.
Müdafiənin mərkəzində Ruan Renato ilə Anje Mutsinzi, sağda Amin Seydiyev, solda Qismət Alıyev oynayırdı.
Yarımmüdafiənin mərkəzi İsmayıl İbrahimli, Brahim Konate və Georgi Papunaşvili “üçlüy”ünə həvalə olunmuşdusa, sağda Eren Aydın, solda Junior Martins “Qarabağ”ın müdafiəçilərinə baş ağrısı yaratmalıydı.
Hücumun sivri ucunda ənənəvi olaraq Davit Volkov qol vurmaq tapşırığının öhdəsindən gəlməliydi.
4:3 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatan görüşdə Kamilo Duranla Leandro Andrade penaltidən fərqləndisə, Bəhruz Qurbanlı Mehdi Mütəllimli kimi gənclər oyun epizodundan fərqləndi.
“Zirə”nin qollarına Papunaşvili, Namiq Ələsgərov və “Ural”la icarə müqaviləsi başa çatdığından “qartallar”a qoşulan Yeqor Boqomolski imzasını yazdırdı.
Yeri gəlmişkən, “Zirə”nin heyətində Mərakeş və Fil Dişi Sahilindən olan gənc futbolçular sonradan meydana çıxmaq imkanı qazanmışdı. Fil Dişidən olan kifayət qədər hərəkətli və hazırlıqlı görünürdü. Çox güman, Rəşad Sadıqov onu saxlayacaq. Mərkaşdən gələnin artıq çəkidən əziyyət çəkdiyi hiss olunurdu. Qalacağı inandırıcı görünmür.
Sözsüz, hər birinizi maraqlandıran məqam komandaların necə təsir bağışlamasıdır.
Beş futbolçu ilə rəsmən vidalaşan, iki futbolçunu əsas komandadan uzaqlaşdıran, əvəzində, dörd yeni ilə güclənən “Qarabağ”da ciddi axsama müşahidə olunur.
Xətlərarası əlaqə istənilən səviyyədə deyil. Kadi, Zubir, Muaddib kimi texnikalı futbolçular “dar alan”dan çıxmaqda çətinlik çəkir.
Müdafiənin cinahlarının hücuma qoşulmaqla bağlı ciddi problemi var. İlk dəqiqələrdən şans qazanan yeni transferlər Muaddiblə Savo isə “Qarabağ”da özlərini göstərmək üçün zamana ehtiyac duyurlar.
Yarımmüdafiə və hücum xətti ilə bağlı çətinliklər zamanla aradan qaldırılacaq. Yoxlama matçlarında həll yolunu tapmaq mümkündür.
Təəssüf ki, eyni sözləri müdafiə xətti üçün demək olmur. Kevinin gedişi, Bəhlulun zədələnməsi, Elvinin uzaqlaşdırılması, Mateusun sağdan mərkəzə çəkilməsi müdafiənin sıfırdan yaranmasına səbəb olub.
Ötən mövsüm Çempionlar Liqasında görməyə alışdığımız “4-lük” yoxdur. Və belə olması rəqibin hücumları zamanı arxa xətdə xaosa səbəb olur, “Zirə”nin futbolçuları rahat şəkildə cərimə meydançasına daxul olub zərbə vurmaq imkanı qazanır.
“Köhlən atlar”ın yerlilərindən danışmağa söz yoxdur. Tam hazır olmadıqları göz qabağındadır. Avstriyadakı yoxlama görüşləri özlərinə gəlmələri və fiziki durumlarını yaxşılaşdırmaq üçün yaxşı imkan olacaq.
“Zirə”dın danışmalı olsaq, 8 nəfərin ayrılığına baxmayaraq, “Qarabağ”a qarşı layiqli şəkildə mübarizə aparıb minimal hesabla məğlub olması Konfrans Liqasına uğurla boylanmağa imkan verir.
“Qarabağ”a qarşı gördüyümüz “11-lik”lə “Torpedo” (Kutaisi) səddini adlamaq olar. Amma bəzi dəyişiklik etməklə. Zədəli İssa Cibriyla müdafiənin solunda yer alsın,
Qismət Alıyev özünə doğma olan sağ cinaha çəkilsin və Ayron Qomis üslubunda “8 nömrə” transfer edilsin. “Zirə”nin yarımmüdafiə xəttinin mərkəzində azı bir səviyyəli legionerə ehtiyac var.
Rəşad Sadıqov hər nə qədər ümidsiz görünsə də, bu komandanın potensialı “Torpedo”nu “ağlatmağa” imkan verir. Xüsusən Bakıdakı ilk qarşılaşmada hesab üstünlüyü qazanmaqla.
HƏBİB / SPORTİNFO.AZ

