Son günlərin Elvin Cəfərquliyevin adı yenə Avropanın müxtəlif klubları ilə yanaşı çəkilir.
Xüsusən Almaniyanın köklü klublarından olan “Verder”in həmyerlimizlə maraqlandığı deyilir.
Dolaşan xəbərə inansaq, Bremen təmsilçisi Elvinə görə “Qarabağ”a 3 milyon manat ödəməyə hazırdır.
Lakin “köhlən atlar”ın bu transferə görə 3 milyon manat yox, 3 milyon avro qiymət qoyması (təxminən 5,8 milyon avro) almanların planlarını pozub.
Ümumiyyətlə, “Qarabağ”ın Cəfərquliyevlə bağlı məsələdə prinsipiallıq nümayiş etdirib konkret qiymət – 3 milyon avro qoyması kifayət qədər şübhəli və düşündürücü məqamdır.
Bəlkə hansısa klub 3 yox, 2 milyon avro ödəyəcək, məgər “Qarabağ” bu təklifi rədd edəcək? Klub onun satışından pul qazanmaq istəyirsə, təbii ki, reallıqlarla barışmalı, müəyyən güzəştə getməlidir.
Futbolçunun agenti Tural Əsgərov məlum mövzu ilə bağlı Sportinfo.az-a açıqlamasında deyilənləri və yazılanları təkzib edib:
“Əvvəla onu bildirim ki, bu günə qədər “Verder”dən “Qarabağ”a rəsmi təklif məktubu daxil olmayıb. Maraqlanmaq başqadır, istəmək və təklif göndərmək başqa.
Rəsmi təklif yoxdursa, söhbət hansı 3 milyon manat, yaxud avrodan gedə bilər?
Digər tərəfdən, “Qarabağ” bu məsələdə prinsipiallıq göstərmir. Bəli, Elvin Cəfərquliyevə başqa kluba keçmək icazəsi verilib.
Bunun üçün qarşı tərəf “Qarabağ”a müraciət etməli, klublar maddi və digər məsələləri müzakirə etməlidir.
Yəni Elvin Cəfərquliyev başqa kluba daha az və ya daha çox məbləğ qarşılığında transfer oluna bilər.
Ortada konkret 3 milyon avro tələbi yoxdur. Hər şey danışıqların gedişatından asılıdır. Bu gün hansısa danışıqdan söhbət gedə bilməz”.
Maraq üçün bildirək ki, 25 yaşlı futbolçu daxili intizam qaydalarını pozduğuna görə əsas komandadan uzaqlaşdırılaraq əvəzedici komandaya göndərilib.
Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027=ci ilin yayına qədərdir.
HƏBİB

