“Qarabağ” əcnəbi oyunçusuna icazə verdi - Danışıqlar apar, təklif gətir

15 İyun 11:20 Qarabağ 4 586
“Qarabağ” əcnəbi oyunçusuna icazə verdi - Danışıqlar apar, təklif gətir

Aleksey Kaşuk tezliklə «Qarabağ»ı tərk edə bilər.

Bu barədə saytımıza klubdan məlumat daxil olub.

Ukraynalı legionerə özünə yeni komanda tapmaq icazəsi verilib. 26 yaşlı vingerin həm özüylə, həm də meneceriylə bu yöndə hərtərəfli söhbət edilib.

Bildirilib ki, onun xidmətinə maraq göstərən real müştəri ortalığa çıxarsa, danışıqlar aparmağa hazırdırlar. Hətta «köhlən atlar» maliyyə şərtlərində qarşı tərəfə müəyyən güzəştlər etməyə hazırdır.

“Şaxtyor”un (Donetsk) yetirməsi 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.

Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət millilər arasında keçirilən dünya çempionatının qalibi olub.

2024-cü ilin sentyabrın 4-də Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalamış Kaşuk ötən müddətdə özünü tam mənasıyla göstərə bilməyib.

Qurban Qurbanov ondan narazılığını bir neçə dəfə dilə gətirib. Adətən, media önündə futbolçuları barədə rəy bildirməyən baş məşqçi yalnız ondan şikayətini ictimailəşdirib.

Premyer Liqanın gümüş medalçısı bu yay artıq 4 nəfərlə vidalaşıb. Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae düşərgəni tərk edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!