“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir futbolçunu komandadan kənarlaşdırıb.
Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynovdan sonra Elvin Cəfərquliyevin də “qələmini qırıb“.
O, müdafiəçini əvəzedici heyətə göndərib.
Bu qərarın arxasında bir səbəb dayanır - nizam-intizam qaydalarını pozma.
Görəsən, onlar nə ediblər? Klubdan saytımıza daxil olan informasiyaya görə, Qurbanov bundan öncə hər iki arxa xətt oyunçusuna bir neçə dəfə xəbərdarlıq edib.
Onlardan idmançı rejiminə riayət etmələrini, şəxsi həyatlarına diqqət yetirmələrini istəyib. Bununla yanaşı, getməli olmadıqları məkanlar barədə məlumatlandırılıblar.
Təcrübəli mütəxəssis “Şamaxı“ ilə Premyer Liqanın 27-ci tur matçından sonra onlarla bağlı növbəti xoşagəlməz bilgi alıb.
Baş məşqçiyə məlum olub ki, sözügedən cütlük əyləncə mərkəzlərindən birində vaxt keçirib. Elə bu da onun səbr kasasını daşırıb.
Daha öncə Samir Mmae eyni aqibəti yaşayıb. Səbəb Mərakeş kökənli legionerin Çempionlar Liqasının pley-off mərhələsinin «Nyakasl»la Bakıda keçirilən ilk oyununun (1:6) fasiləsində etdiyi qeyri-peşəkar hərəkətdir.
Belə ki, Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş mərkəz müdafiəçisi müxtəlif bəhanələr gətirərək, ikinci hissədə meydana çıxmaqdan boyun qaçırıb.
SPORTİNFO.AZ

