“Sabah”la “Qarabağ” arasında gedən çempionluq savaşının qalibinin adına bu həftə aydınlıq gələ bilər.
Premyer Liqanın 28-ci turu çərçivəsində bu iki komanda üz-üzə gələcək.
27 turdan sonra “tələbələr”in “köhlən atlar”ı 10 xal qabaqlaması birincilərin “qızıl” şansını xeyli artırır.
Meydan sahiblərinin mümkün qələbəsi aradakı xal fərqini 13-ə yüksələdəcək ki, “qızıl”ın sahibinin adı böyük ölçüdə məlum olacaq.
Yox, ağdamlılar meydanı qalib tərk etsə, xal fərqi 7-yə enəcək. “Qarabağ”ın ehtiyatda “Neftçi” ilə oyununun olduğunu nəzərə alsaq, xal fərqinin 4-ə qədər azalması ehtimalı var.
Lakin bir şey də var ki, son çempion cari mövsümdə kubokun son sahibi ilə 2-si çempionat, 1-i kubokda olmaqla 3 oyunun heç birində qələbə qazana bilməyib. 1 dəfə məğlub olub (1:2), 2 halda heç-heçə qeydə alınıb (3:3, 2:2).
Maraqlıdır, “Qarabağ” nəyin sayəsində “Sabah”ı məğlub edə bilər? Futbolçular nəyə ümid edir?
Nə baş verməlidir ki, qonaqlar meydanı qalibiyyətlə tərk etsin?
“Köhlən atlar”ın müdafiəçisi Abbas Hüseynov qarşıdakı vacib matçla bağlı Sportinfo.az-a bunları deyib:
“Sabah” əzmkar komandadır. Onların ən böyük üstünlüyü budur. Sona qədər mübarizə aparırlar.
Əzmkarlıq, əziyyət və mübarizlik hesabına qələbə qazana bilərik. Bu cəhətlərdə rəqibi üstələməliyik ki, sevinən tərəf olaq.
Bu dəfə qalib gələcəyimizə inanıram. Məqsədimiz qələbə qazanmaqdır”.
Aprelin 18-də “Bank Respublika Arena”da baş tutacaq oyunun start fiti saat 19:30-da çalınacaq.
HƏBİB

