Təkcə “Qarabağ” deyil, onlar da bu durumdadırlar...

01:00 Qarabağ 128
Təkcə “Qarabağ” deyil, onlar da bu durumdadırlar...

Misli Premyer Liqasında mövsüm sona yaxınlaşır. “Qafqazinfo” xəbər verir ki, liqanın qalibi olmağa ən real namizəd isə “Sabah”dır.

Onlardan 10 xal geri qalan “Qarabağ”ın son oyunlarda ardıcıl xallar itirməsi isə birmənalı qarşılanmır.

Komandanı tənqid edənlərin sayı çoxalıb. Futbol mütəxəssisləri ilə yanaşı azarkeşlər də Qurban Qurbanovun yetirmələrinin oyunundan narazıdır.

Adətən istər futbol mütəxəsissləri, istər media, istərsə də azarkeşlər öyrəşiblər ki, “Qarabağ” avrokubok mövsümünü başa vurduqdan sonra çempionatda dominantlığını artırıb liderliyini sübut etsin.

Lakin bu mövsüm hər şey fərqli oldu. Əvvəlcə ondan başlayaq ki, Avropa Liqası, Konfrans Liqası Çempionlar Liqası ilə müqayisəyə gəlməz. İstənilən halda qitənin ən nüfuzlu klub turnirindəki komandaların səviyyəsi digər yarşlardakından daha üstündür. Burada Avropanın nəhəngləri yer alır.

Konfrans və Avropa Liqasında iştirak edən böyük klublar isə orada heç də tam gücü ilə mübarizə aparmırlar. Onların əksəriyyəti daxili liqadakı turnirdə uğurlu çıxışa və növbəti mövsüm Çempionlar Liqasında iştiraka köklənir.

Bu baxımdan kiçik futbol ölkələrindən çıxan komandalar Çempionlar Liqasında mübarizə üçün böyük güc sərf edirlər. “Qarabağ” da əvvəlki illərlə nisbətdə ağır oyunlardan yoğun çıxdı.

Üstəlik, çempionatda da vəziyyət əvvəlki illərə nisbətdə dəyişib. Artıq bir neçə ildir ki, liderlik mübarizəsinə qoşulmaq istəyən “Sabah” arzusuna çatıb. Komanda həm heyəti, həm məşqçisi ilə layiqli şəkildə çempionluq yolunda irəliləyir. Bu da “Qarabağ”a əlbəttə ki, çətinlik yaradır. Ağdamlılar son mövsümlərdə ilk dəfə qarşısında israrla çempionluq yolunda addımlayan komanda görürlər.

“Qarabağ”la birlikdə Çempionlar Liqasında yer alan aşağıbüdcəli klubların da daxili çempionatlarında çıxışı zəifləyib.

Qurban Qurbanovun komandası ilə eyni liqada yer alan Danimarkanın “Kopenhagen” klubu son illərdəki ən çətin dönəmini yaşayır. Bakıda 2:0 məğlub etdiyimiz komanda daxili liqada aşağı liqaya düşməmək uğrunda mübarizə aparır. Onlar çempionluq üçün mübarizə aparan ilk “6-lıq”dan kənarda qalıblar. Bu isə o deməkdir ki, “Kopenhagen” növbəti mövsüm nəinki çempion olmayacaq, heç avrokuboklarda da iştirak etməyəcək.

Qitənin ən nüfuzlu klub turnirində “İnter” kimi rəqibi mübarizədən kənarlaşdıraraq 1/8 finala qədər gələn Norveçin “Buydo Qlimt” klubu da çətinliklərlə üz-üzədir. Düzdür, Skandinaviya ölkəsində çempionat yeni başlayıb və cəmi 4 tur oynanıılıb. Amma “sarı qaralar” 4 oyundan cəmi 3 xal toplaya biliblər.

Çempionlar Liqasının digər sürpriz iştirakçılarından olan “Pafos” üçün də daxili liqada mövsümü uğurlu qiymətləndirmək olmaz. Komanda hazırda öz liqasında çempionluq qrupunun 4-cü pilləsindədir. Onların da avrokuboklarda iştirak edib-etməyəcəyi bəlli deyil.

Bu komandaların içində yalnız Qazaxıstanın “Kayrat” klubu ölkə çempionatında liderdir ki, orada da mövsüm yeni başlayıb. 5 turda 11 xal yığan komanda liqaya başçılıq edir. Rəqiblərinin də onları eyni xalla izlədiyini nəzərə alsaq, bu liderliyin uzun çəkməyəcəyi də gözləniləndir. Üstəlik, “Kayrat” Çempionlar Liqasında cəmi 1 xal qazanmışdı və elə ilk turlardan komandanın iddiası yox idi. Həmçinin onlar Çempionlar Liqası ilə eyni vaxtda daxili liqada yarışmırdılar.

Göründüyü kimi bu cür komandaların böyük turnirdə çox güc itirdiyi ortadadır. İstənilən halda əgər ölkə çempionatında rəqabət varsa, belə yarışlardan sonra çempion olmaq üçün də çox geniş heyətə malik olmalısan.

“Qarabağ” isə Çempionlar Liqasında pley-off-a qədər adladı və burada güclü “Nyukasl”la mübarizə apardı.

Üstəlik, Çempionlar Liqasında uğurlu mövsümdən sonra komandanın oyunçularına gələn təkliflər də onların fikrini yayındırır. Qurban Qurbanov da bunu təsdiq etmişdi.

Növbəti mövsüm komandanın daha da güclənəcəyi və yenidən çempionluq mübarizəsində daha inamlı olacağı isə gözləniləndir. Çünki Qurban Qurbanovun heyətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir (qafqazinfo).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!