“Qarabağ” Şamaxı səfərindən qələbəsiz qayıtdı.
Şənbə günü Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatdı ki, “köhlən atlar” çempionluq yolunda ciddi zərbə aldı.
Sportinfo.az-a müsahibə verən hücumçu Musa Qurbanlı komandası ilə bağlı ortaya çıxan suallara aydınlıq gətirib.
- Oyunu və nəticəni necə dəyərləndirirsən?
- Rəqib ilk dəqiqələrdən komanda şəklində ilə müdafiə olunmaqla asan təslim olmayacağını göstərdi. Qol vurmaq üçün çox çalışdıq, hücumlar qurduq. “Şamaxı”nın müdafiə xəttini yarmağa nəsə çatmadı. Halbuki yaxşı epizodlarımız oldu. Əsas səbəbi bununla əlaqələndirirəm.
- İnqilab Məmmədovla nəyisə müzakirə edirdin. Hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsən?
- Narazlıq həmişə olur. Normal haldır. Bu barədə danışmaq istəmirəm.
- Sanki süni örtükdə əziyyət çəkirsiniz. Yevlaxda 3 xal itirmişdiniz, bu dəfə 2 xal əldən çıxdı.
- Öyrəşməyən komanda üçün süni meydanda oynamaq asan deyil. Lakin bunu bəhanə etmək olmaz. Bu gün qələbə qazanmalıydıq. Qazana bilmədiksə, deməli nələrisə düz etmədik.
- Çempionluğun əldən getdiyini demək olar?
- Real danışsaq, “Sabah” bizdən çox öndədir. Sözsüz, nəzəri şanslarımız qalır. Hədəfə çatmaq üçün sona qədər mübarizə aparmalıyıq. Reallıq və şans nisbəti çətin görünsə də, yenilgi ilə barışmalı deyilik. Əksinə, qarşıdan gələn hər oyuna daha ciddi yanaşmalıyıq.
HƏBİB

